Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Punktuasiya
The author: Rafiq İsmayılov

Nida işarəsi (!)

 

Nida işarəsinin də tarixçəsi sual işarəsinə bənzəyir. Latın dilində heyrət, heyranlıq bildirən ıo nidası var idi. (Latın əlifbası yaranan dövrdə “i” hər fi nin üstündə nöqtə qoyulmurdu.) Bu söz dilimizə daxil olmuş “vau!” (ing. wow) nidasına bənzəyirdi. XVI-XVII əsrlərdə Avropada bir sıra mətbəəçilər cümlədəki fikrin qeyri-adi, dərin olduğunu, heyranlıq doğurduğunu bildirmək üçün cümlənin sonunda bu sözü işlədirdilər. Sonradan “ıo” sözündəki hərflərdən ibarət liqatura yaratdılar: o hərfini kiçildib ı hərfinin altında yazmağa başladılar. Uzun müddət sonra bu liqatura əsasında müasir nida işarəsi (!) yarandı. Çox güman ki, orta əsr mətbəəçiləri nida liqaturası yaradarkən, sadəcə, əllaməlik ediblər (necə ki bu gün bəzən “və” bağlayıcısı əvəzinə & işarəsi yazırlar). Onlar düşünmürdülər ki, əsrlər sonra linqvistlər bu işarə ilə bağlı çətin qaydalar yaradacaqlar.

 

Elmi mənbələrdə cümlənin məqsəd və intonasiyaya görə təsnifatında nida cümləsinin yeri ilə bağlı qeyri-müəyyənlik var. Bəzi alimlər onu məqsəd və intonasiyaya görə, bəziləri isə yalnız intonasiyaya görə cümlə növlərindən biri hesab edirlər. Belə çıxır ki, məqsədindən asılı olmayaraq, istənilən cümlə yüksək hiss-həyəcanla deyilirsə, nida cümləsinə çevrilir və sonunda nida işarəsi qoyulur.

Xarici mənbələrdə nida cümləsi məqsədə görə növlərdən biri sayılır:

1) Nəqli cümlə xəbər vermək, informasiya çatdırmaq məqsədi daşıyır;

2) Sual cümləsi xəbər almaq, sual vermək məqsədi daşıyır;

3) Əmr cümləsi göstəriş vermək, xahiş etmək məqsədi daşıyır.

4) Nida cümləsi hadisə və ya varlıqla bağlı emosiya ifadə etmək məqsədi daşıyır.

Nümunə:

  • Bu, maraqlı kitabdır. (Nəqli cümlədir, kitabla bağlı məlumat ötürür)
  • Nə maraqlı kitabdır! (Nida cümləsidir, kitabla bağlı heyranlıq ifadə edir)

Beləliklə, elə cümlələr var ki, semantik (məqsəd) baxımdan nida cümləsi sayılır, ona görə də sonunda mütləq nida işarəsi qoymaq lazımdır.

 

Tərkibində nida olan cümlələr

Köməkçi nitq hissələrindən biri olan nida ayrılıqda heç bir leksik məna bildirmir. Bu sözlərin konkret yazılış norması da yoxdur: vay, vayyy, vah, bah, baho, uf, ufff, ah, aha, ay, ey və s. Bu cümlələrdə nida işarəsinin yeri də sabit deyil.

Nidadan sonra vergül, cümlənin sonunda nida işarəsi qoyulur:

  • Ay-hay, mənə badalaq gələnə bax!

Həm nidadan sonra, həm də cümlənin sonunda nida işarəsi qoyulur:

  • Vay-vay! Biabır olduq el içində!
  • Vay-vay! Deyəsən, bəşər deyil bu! (M.Ə.Sabir)

Nidadan sonra nida işarəsi, cümlənin sonunda nöqtə (və ya sual işarəsi) qoyulur: 

  • Aha! Deməli, onun belə işləri də var imiş?
  • Baho! Nə yaman yerdə axşamladım.

 

Şüar, çağırış bildirən cümlələr:

  • Yaşasın müzəffər Azərbaycan ordusu!
  • Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumalıyıq!

 

Alqış, qarğış bildirən cümlələr:

  • Evindən ev törəsin!
  • Niyyətin ürəyində qalmasın!
  • Yaxşılığın balalarının qabağına çıxsın!
  • Görüm bacandan tüstü çıxmasın!
  • Qazancın özgəyə qismət olsun!

 

Bununla yanaşı, elə cümlələr də var ki, xəbər, sual, əmr semantikasını saxlayır, amma yüksək hiss-həyəcanla deyildiyini göstərmək üçün sonunda nida işarəsi qoyulur:

  • Biz onu çox gözləyəcəyik?!
  • Əsgərlərimiz döyüşdən qələbə ilə qayıdıblar!
  • Bir də belə səhv eləmə!

Yazıda yüksək intonasiyanın formal göstəricilərindən biri də ədatdır (qoy, görüm, axı, -mı, nə, necə və s.).

  • Axı sən bunu özünə necə rəva bildin?!

Yüksək hiss-həyəcanla deyilən adlıq cümlələrdən sonra çox zaman nida işarəsi və pauza ifadə edən iki nöqtə qoyulur:

  • Ana!.. O adın qarşısında bir qultək

     Həmişə səcdədə olmaq mənə fəxarətdir... (C.Cabbarlı)

Hiss-həyəcanla deyilən xitablardan sonra:

  • Ey! Konstantinopol! Ya sən məni alacaqsan, ya da mən səni! (Fateh Sultan Mehmed)

 

Sual və nida işarələrindən, əsasən, elmi-publisistik yazılarda tərcüməçi və redaktorlar müəllifin fikrinə münasibət bildirmək üçün də istifadə edirlər: (! – tərc.), (? – red.)

? – “Fikir sual doğurur”, “Təəccüblüdür”, “Anlaşılmadı”.

! – “Diqqət edin”, “Möhtəşəm”, “Super”, “Çox gözəl deyilib”.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.