Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Punktuasiya
The author: Rafiq İsmayılov

Nöqtəli vergül (;)

 

Bəzən cümlələr müstəqil fikir ifadə etsə də, onlar arasındakı məna bağlılığı kifayət qədər bariz olur. Belə cümlələr tabesiz mürəkkəb cümlənin komponentləri kimi çıxış edir və onların arasında çox zaman nöqtəli vergüldən istifadə olunur:

  • Maşın təzə olmasa da, babat idi; uzaq yola çıxmaq olardı.

Araşdırılan mətnlər göstərir ki, belə cümlələr arasında nöqtə, vergül, qoşa nöqtə və ya tire də qoyula bilər; hər şey komponentlərin nə dərəcədə bitkin olmasından və onların arasındakı məna əlaqəsindən asılıdır.

Vergül və ya nöqtəli vergül:

  • İki şey sonsuzdur: kainat və axmaqlıq, hərçənd kainatın sonsuzluğuna əmin deyiləm. (Eynşteyn)
  • İki şey sonsuzdur: kainat və axmaqlıq; hərçənd kainatın sonsuzluğuna əmin deyiləm. (Eynşteyn)

Nöqtə və ya nöqtəli vergül:

  • Qədim türklərdə törə xalqın mənafeyini əsas tuturdu. Onu pozmaq heç kimin ağlına belə gəlməzdi.
  • Qədim türklərdə törə xalqın mənafeyini əsas tuturdu; onu pozmaq heç kimin ağlına belə gəlməzdi.

Tire və ya nöqtəli vergül:

  • Hər tənqidçi paxıl deyil – yaxşısı var, yamanı var. (R.Rza)
  • Hər biçilən taxıl deyil; sünbülü var, samanı var. (R.Rza)

Qoşa nöqtə və ya nöqtəli vergül:

  • Kənd sanki minillik yuxuya getmişdi: evlərdə işıq yanmır, bacalardan tüstü çıxmır, həyətlərdən hənirti gəlmirdi.
  • Kənd sanki minillik yuxuya getmişdi; evlərdə işıq yanmır, bacalardan tüstü çıxmır, həyətlərdən hənirti gəlmirdi.

Bax: Mürəkkəb cümlə komponentləri arasında durğu işarələri: qoşa nöqtə, ti­re, nöqtəli vergül

 

Bəzi hallarda nöqtəli vergüldən cümlənin asan qavranılması üçün istifadə edilir:

  • Qırmızı, narıncı, çəhrayı – isti; göy, mavi, bənövşəyi soyuq rənglərdir.

Bu cümlədə ellipsis baş verib: 1-ci cümlədə xəbər ixtisar olunub. Adətən, belə hallarda cümlələr arasında vergül qoyulur. Lakin “isti” sözü sadalanan sifətlərlə yanaşı gəldiyindən vergül qoyulsa, bu söz həmcins üzvlərdən biri kimi qəbul edilə bilər.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.