Reklam
Reklam
Topic: Tarix
The author: Arif Əliyev

Qədim Misir haqqında doğru bildiyimiz iki yanlışlıq

1. Misir hökmdarlarına “firon” deyirdilər

Miladdan öncə IV-I minilliklərin Misir hökmdarları bilməzdilər ki, nə vaxtsa onlara firon deyəcəklər. «Firon» (orijinalda per-oh) qədim Misir dilində, sadəcə, «böyük ev» mənası verir ki, bu sözü də, olsa-olsa, hökmdarın sarayı haqqında işlətmək olardı. Hökmdarın özünə isə, adətən, «nesu-biti» (qamışa və arıya sahib olan) deyə müraciət edirdilər və bununla onu həm Yuxarı, həm də Aşağı Misirin hakimi kimi tanıdıqlarını göstərirdilər. Ya da ona «nebtaui» (iki torpağın hakimi) deyirdilər. Misir hökmdarları haqqında «firon» ifadəsi isə əvvəlcə İncildə işlədilib və sonra müqəddəs kitabdan avropalıların dilinə keçib.    

    

2. Misir ehramlarını qullar tikib

Miladdan əvvəl III minilliyin ortalarında tikilmiş Xeops ehramı dünyanın yeddi möcüzəsindən biri sayılır. Belə hesab edilir ki, ehramların ucaldılmasında qul əməyindən geniş istifadə olunub. Amma tarixçilərin son araşdırmaları sübut edir ki, belə deyil: tikintidə, əsasən, azad fəhlələr işləyirlərmiş. Hətta onların özünüidarəçilik hüququ da olub, məsələn, aşağı səviyyəli rəhbərlərini – dəstə başçılarını fəhlələr özləri seçirlərmiş. Misir hökmdarları fəhlələrlə, bir növ, kollektiv müqavilə də bağlayırlarmış: tikintidə çalışanlar bir çox vergilərdən və hərbi mükəlləfiyyətdən azad edilirlərmiş.

2012-ci ildə Misir arxeoloqları ehramların tikintisi vaxtı ölən fəhlələrin qəbirlərini aşkar ediblər. Qəbirlər tikinti meydançasına yaxın ərazidə üzü ehramlara tərəf qazılıb, məzarlarda müxtəlif məişət əşyaları tapılıb. Arxeoloqlar qəti olaraq bildirirlər ki, qulları heç vaxt ehramlara yaxın və özlərinə məxsus əşyalarla dəfn etməzdilər: qulun özünün heç nəyi olmazdı.  

 

 

Qaynaq: Arif Əliyev. Tarixi Yanlışlıqlar (Bakı, Altun Kitab, 2013)