
Tanışlıq və ilk münasibətlər
Məmməd Əmin Rəsulzadənin sonralar adı tarixə İosif Stalin kimi düşən “Koba” ləqəbli İosif Cuqaşvili (1878 – 1953) ilə tanışlığı 1904-cü ilin iyununa təsadüf edir. Həmin vaxt fəhlələrin etiraz mitinqlərini təşkil etmək üçün Bakıya gələn Koba, Rəsulzadə ilə də görüşür. Bu görüşü Rəsulzadənin əmisi oğlu və yaxın silahdaşı Məmməd Əli Rəsulzadə təşkil edir. İlk görüşdə Stalin əsl inqilabçı kimi gördüyü Rəsulzadənin iti ağlını və cəsarətini bəyənsə də, o özü gənc Məmməd Əmində çox da xoş təəssürat yaratmır. Sonralar Məmməd Əmin həmin görüşü belə xatırlayırdı:
“Bakı ətrafında yerləşən Balaxanı neft mədənləri tərəfdə hansısa zavodun fəhlələrinə məxsus evlərdən birində olduqca bəsit bir otaqda qarşımıza arıq, ortadan bir az hündürboylu bir şəxs çıxdı. Sadə geyimli bu zatın çopur-çopur olan üzünə diqqət etdim. Ciddi bir halda gülümsəyirdi. Bizi təbii və sərbəst bir əda ilə qarşıladı. Rusca danışığında gürcü ləhcəsi qüvvətli hiss olunurdu. Təbii xoş-beşdən sonra söhbət siyasi və sosial məsələlər üstünə keçdi...”
Həmin siyasi məsələlərin müzakirəsində Stalin bolşeviklərin siyasi məqsədlərindən, apardıqları mübarizə üsullarından bir xeyli danışdı. Onun inqilabi hərəkatda proletariatın və bolşeviklərin rolunu hədsiz şişirtməsi Məmməd Əminin etirazına səbəb oldu. Kobanın dediklərindən anladı ki, bolşeviklər mövcud yaşayış qaydalarını, siyasi şəraiti, cəmiyyətdə fəhlələrdən başqa digərlərinin də normal yaşamaq haqqını nəzərə almırlar. Özu də kifayət qədər romantika və gənclik coşqusu ilə yaşayan Rəsulzadə ilk görüşlərdən bu qənaətə gəlmişdi ki, “inqilabçi Koba mahiyyətcə hədsiz romantik olan bir nəzəriyyənin torunda çapalayır” və bu səbəbdən də bəzi reallıqları görə bilmir.
İlk görüşün belə xoşagəlməz məqamlarına baxmayaraq Koba ilə gənc Məmməd Əmin arasında sonralar çox yaxşı münasibət yaranır. 1911-ci ildə, Türkiyəyə mühacirət edənədək Rəsulzadə hələ də sosial-demokrat ideyalarına rəğbət bəsləyirdi. Ona görə də bolşevik Stalinlə yolları tez-tez kəsişirdi.
Rəsulzadə Kobanı xilas edir: fakt, yoxsa rəvayət?
Koba haqqında çoxlu söz-söhbət dolaşırdı: bolşeviklərin kassasına pul yığmaq üçün hər üsula əl atmasından tutmuş bank yarıb qarətlərlə, quldurluqla, hətta adam oğurluğu ilə məşğul olan, böyük şirkətlərdən “azadlıq mübarizəsi” adı altında hədə-qorxu ilə pul qoparan silahlı dəstələri idarə etməsinədək! Belə “əməliyyatlar” zamanı Koba müxtəlif təhlükələrlə üzləşir, həmin məqamlarda Məmməd Əminin ona çox köməyi dəyirdi. Bu barədə xalq arasında xeyli rəvayətlər gəzirdi. Məsələn, deyirdilər ki, bir dəfə fəhlələr arasında inqilabi təbliğat apardığına görə sahibkarın qoçuları, az qala, Stalini neft quyusuna atacaqlarmış. Lakin özünü yetirən Rəsulzadə onu ölümdən xilas edir. Növbəti dəfə isə polis, necə olursa, Stalinin izinə düşür və həbs təhlükəsi yaranır. Stalin işi belə görüb Novxanıya, evində dəfələrlə çörək kəsdiyi Hacı Ələkbərin ocağına pənah gətirir. Məmməd Əmin ondan öz köməyini əsirgəmir və polisin axtardığı Kobanı atasının axundluq etdiyi Novxanı məscidindəki minbərdə gizlədir. Tarixi mənbələrdə bu əhvalatların gerçək və ya uydurma olduğu qeyd edilmir. Lakin Novxanının yaşlı sakinləri Stalini dəfələrlə öz kəndlərində görmələrindən danışırmışlar.
Rəsulzadənin mərdanə addımı
1908-ci ilin martın 25-də Stalin yenidən ələ keçir. Onu həbs edib məşhur Bayıl həbsxanasına salırlar. Həmin ilin yayında Bakı bolşeviklərinin Kobanı həbsdən qaçırmaq cəhdi baş tutmur. Belədə bolşeviklər başqa plan qururlar. Həmin planın icrası üçün partiya kassasında pul olmadığından inqilabçılar yardım üçün bəzi mötəbər təşkilatlara, o cümlədən, Rəsulzadənin rəhbərliyi altındakı “Nicat” xeyriyyə cəmiyyətinə müraciət ünvanlayırlar. Cəmiyyət faytonlar vasitəsilə xeyriyyə gəzintisi təşkil edərək öhdəsinə düşən 200 manatı toplaya bilir. Gəzintinin üçüncü günü şəhərin mərkəzində əvvəlcədən hazırlanmış plan üzrə silahlı adamlar xeyriyyə aksiyasına cəlb edilən faytonların qabağını kəsirlər: guya qarət baş verir və yığılmış pullar ələ keçirilir. Təbii ki, həbsxanada olan Koba dostu Rəsulzadənin onu xilas etmək üçün atdığı bu mərdanə addımı heç vaxt unutmur.
1909-cu ilin fevralında yeni nəşrə hazırlanan "Volna" adlı bolşevik məcmuəsinə Məmməd Əmin məhz Stalinin xahişi ilə Türkiyə mövzusunda “Gənc türklərin son qələbəsi haqqında” adlı məqalə yazmışdı. Yazı redaksiyada ciddi mübahisə doğurdu, lakin Stalinin sözləri müzakirələrə son qoydu: “Rəsulzadənin məqaləsi yerindədir, orada yürüdülən mühakimələr çox haqlıdır, məqalə çap edilməlidir”. Beləliklə, yazı “Volna” jurnalının 1-ci sayında dərc olundu. Elə həmin il, yəni “Volna” məcmuəsindəki görüşdən sonra Koba ilə Məmməd Əmin uzun müddət bir-birlərini görmədilər.
Onlar bir də 11 ildən sonra məşhur Bayıl həbsxanasında yenidən qarşılaşacaqdılar...
Rəsulzadənin həbsindən Stalinin xəbəri vardımı?
1920-ci ilin Aprel işğalından bir müddət sonra Məmməd Əmin Rəsulzadə həbs edilərək Bayıl türməsinə salınır və güllələnmə təhlükəsi ilə üzləşir. Həmin vaxt SSRİ-nin milli işlər üzrə komissarı postunu tutan İosif Stalinin müdaxiləsi nəticəsində Rəsulzadə həbsdən və edamdan qurtulur. Stalin vaxtilə Məmməd Əminin ona yaxşılıqlarını unutmamışdı.
Stalin köhnə tanışı Rəsulzadənin həbsindən necə xəbər tutmuşdu? Bununla bağlı bir neçə versiya mövcuddur. Hələ ki təsdiqini tapmayan versiyalardan birinə görə, Məmməd Əmin həbs edilən kimi ilk müsavatçılardan biri Ağabala Qasımov “Gizli Müsavat”ın tapşırığı ilə Vladiqafqaza gedib və həbs xəbərini orada səfərdə olan Stalinə çatdırıb. Stalin də keçmiş mübarizə dostunu məhbəsdən qurtarmaq üçün Bakıya gəlib.
Digər versiya ondan ibarətdir ki, Rəsulzadənin Bayıl həbsxanasına gətirilməsindən və Qarayevlə Pankratov arasındakı razılaşmaya əsasən elə həmin gecə güllələnəcəyindən xəbər tutan Nərimanov bunun qarşısını almaq üçün Şimali Qafqazda olan Stalinə zəng edir, məsələyə qarışmasını istəyir. Stalinin Pankratova zəngindən sonra isə güllələnmə təxirə salınır. Bu versiyanı da təsdiqləyən hər hansı sənəd yoxdur.
Ümumiyyətlə, Stalinin Bakıya gəlməzdən əvvəl Rəsulzadənin həbsi barədə məlumatlı olub-olmaması da şübhəlidir. Onun özü Məmməd Əminlə həbsxanadakı ilk görüşündə “Buraya gəlincə həbs edildiyini öyrəndim” deyib. Lakin Rəsulzadənin “Xatirələr”indən o da aydınlaşır ki, sonralar Moskvada bolşevik Kamo ilə görüşündə bu köhnə inqilabçı ona həbsi barədə əvvəldən məlumatlı olduqlarını söyləyib. Hətta Bakıya teleqram göndərilib ki, Rəsulzadənin aqibəti ilə bağlı “məsələnin həllini Stalin yoldaş gələnə qədər gözləsinlər”. Deməli, Stalin də, elə Kremldəkilər də Cümhuriyyət liderinin həbsi barədə öncədən xəbərdar imişlər.
Bayıl həbsxanasında görüş
Beləliklə, 1920-ci il noyabrın 1-də Bakıya gələn İosif həbsxanada gənclik dostu Rəsulzadə ilə görüşür. Rəsulzadə xatirələrində həmin görüşü belə təsvir edir:
“Gözətçi içəri girdi. Mənə xitab edərək, “yoldaş Rəsulzadə... arxamca gəlin”, – dedi. Saat 17 idi. Axşamın belə gec saatlarında kameradan bu şəkildə çıxarılanlar, adətən, gedib qayıtmırlar... Yoldaşlarımın üzlərinə hüzn gəldi. Hələ yoldaş Abbasqulunun rəngi də qaçdı, məlul və məhzun gözləri ilə mənə baxdı. Böyük bir həyəcanla qucaqlaşdıq. Ondan uzun və nəticəsi məchul bir səfərə çıxırammış kimi ayrıldım... O, titrək bir səslə mənə xeyir-dua, mən də ona “qorxma” – deyə təsəlli verirdim..."
Rəsulzadə iki həftə əvvəl istintaq edildiyi otağa gətirilir. Burada onu Qırmızı Ordu zabitlərinin geyimində olan bir nəfər qarşılayır. Bu, İosif Stalin idi. Stalin yanındakı müstəntiqə – Pankratova “Bizi tək buraxın” deyə əmr edir. Pankratov çıxdıqdan sonra Stalin köhnə dostuna bildirir: "Şəxsi işlərinizi gördüm, vəziyyətiniz çox pisdir". O, söhbətin gedişində deyir:
“Buradakılar (yerli kommunistlər nəzərdə tutulur) Sizdən qorxurlar. Onların bir qismi “Müsavat lideri öldürülməlidir” deyir, bir qismi isə … “ömürlük həbsdə qalsın” təklifləri ilə çıxış edirlər. Lakin mən bunların heç birini Sizə rəva görmürəm. Siz keçmiş mübarizə yoldaşımsınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarşı mücadilələrinizi, Sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insansınız. Məncə, Sizə azadlıq verilməlidir: istəsəniz burada qalın, istəsəniz mənimlə bərabər Moskvaya gedək... Fikirləşin, bəlkə də, bizimlə əməkdaşlıq etmək istədiniz...”
Rəsulzadə isə Bakıda 1918-ci ilin Mart qırğınlarını nəzərdə tutaraq deyir ki, “bu qədər hadisədən sonra "əməkdaşlıq" müzakirə mövzusu ola bilməz”. Stalin onun nə dediyini gözəl anladığından cavab verir ki, “bəli, haqlısınız, biz 1918-ci ildə buraya Şaumyanı göndərməməli idik".
Stalinin Rəsulzadə ilə bağlı planları
Bir saatdan çox çəkən söhbətin axırında İosif söhbəti Rəsulzadənin azadlığa çıxandan sonra nə edəcəyinin üstünə gətirdi. Bilmək istədi ki, o, Bakıda qalmaq fikrindədir, yoxsa Moskvaya getmək üçün razılıq verir? Məsələ burasındadır ki, Stalin gənclik dostunu özü ilə Moskvaya aparmaqda qərarlı idi. O, açıq şəkildə bildirirdi ki, Bakıda qalacağı təqdirdə yerli kommunistlər Rəsulzadəni “rahat buraxmayacaqlar və hər hansı hadisəni bəhanə edərək, məsuliyyətə çəkəcəklər”. Belə bir durumda Rəsulzadənin həmin təkliflə razılaşmaqdan başqa yolu yox idi. Ehtimal etmək olar ki, Məmməd Əminin Azərbaycan cəmiyyətindəki böyük nüfuzundan sovet
hakimiyyətinin regiondakı mövqelərinin möhkəmləndirilməsi üçün faydalanmaq niyyətində olan Stalin məhz bu məqsədlə onu bolşeviklərlə əməkdaşlığa cəlb etməyi düşünürdü.
Azərbaycanın həmin vaxtkı formal rəhbəri Nərimanovla münasibətlərinin heç də yaxşı olmaması faktını nəzərə alan bəzi tarixçilər Stalinin hətta müəyyən şərtlər daxilində onu öz gənclik dostu ilə əvəzləmək ehtimalını irəli sürürlər. Digərləri isə Şimali Azərbaycanın ardınca ölkənin cənub hissəsinin də sovetləşməsi planları (bunun üçün bolşevik hərbi hissələri İranın Ənzəli limanı rayonunda yerləşdirilmişdi – red.) fonunda Rəsulzadənin Moskva üçün əvəzsiz fiqur ola biləcəyini önə çəkirlər. Belə hesab edirlər ki, İran inqilabçıları arasında yüksək nüfuzunu nəzərə alaraq, birləşmiş Azərbaycanın rəhbəri vəzifəsinə ondan yaxşı namizəd tapmaq qeyri-mümkün idi.
Rəsulzadəni özü ilə aparan Stalin bununla kifayətlənməyərək onun əmisi oğlu və silahdaşı Məmməd Əlini, bir müddət sonra isə Abbasqulu Kazımzadəni həbsxanadan buraxdırdı.
Noyabrın 9-da axşama yaxın həbsxanaya, Rəsulzadənin ardınca maşın göndərildi. Qatarla Moskvaya yola salınmazdan öncə Məmməd Əminə ailəsi ilə görüşmək üçün cəmi 2 saat vaxt verildi. Ardınca isə Stalini Moskvaya aparan qatarda və elə onun olduğu vaqonun salonunda Rəsulzadə SSRİ paytaxtına yola düşdü.
Mənbə: Qulu Məhərrəmli. Məmməd Əmin Rəsulzadə. "Altun kitab" nəşriyyatı, Bakı-2023