Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Qrammatika
The author: Rafiq İsmayılov

Sadə cümlənin “mürəkkəbliyi”

 

  • Mən bu sətirləri yazarkən nə xoşbəxt bir zəmanədə dünyaya gəldiyimi və Şərqdə ilk dəfə qadına seçmək haqqı verən, onun hər sahədə olan problemlərinin həlli üçün komitə tərtib edən, həyatın və cəmiyyətin bütün sahələrində kişilərlə bərabərhüquqlu vətəndaş olmaq şansı yaradan ölkədə yaşadığımı fərq edib sevindim.

Bu “sadə” cümlədə 39 sözdən ibarət feili bağlama tərkibində iki feili sifət tərkibi, onlardan ikincisinin tərkibində isə daha üç feili sifət tərkibi var.

Cümlədə əsas fikir daşıyıcısı baş üzvlər, xüsusilə xəbərdir. Xəbərə aparılan yol uzun olduqca oxucu bu yolun döngə və dalanlarında çaşıb qalır, son məntəqəyə xəbərə çatana qədər nə üçün gəldiyini unudur və qayıdıb yenidən həmin yolu keçməli olur. Bu isə oxu prosesini ləngidir.

Oxu prosesində hələ açar sözü bilməyən oxucu üçün onun mənasını dəqiqləşdirən sözlər mücərrəd məna daşıyır, yadda qalmır, ona görə də uzun söz birləşmələri olan cümlə, adətən, birinci oxunuşda anlaşılmır.

 

Feili tərkiblər feili xəbərdən başqa istənilən cümlə üzvü rolunda çıxış edə bilir. Doğrudur, bu, feilimizin və sintaksisimizin geniş imkanlarından xəbər verir, amma bir çox hallarda feili tərkiblər cümləni ağırlaşdırır:

  • Müəllim şagirdlərin telefonun ixtirasını şərtləndirən səbəblər haqqında öz fikirlərini söyləmələrinə çalışır.

Tamamlıq doqquz sözlə ifadə olunub; bu azmış kimi, sintaqmlardan biri (telefonun ixtirasını şərtləndirən səbəblər haqqında) o biri sintaqmın (şagirdlərin ... öz fikirlərini söyləmələrinə) arasında işlənib. Tərkiblərdən birini saxlayıb o birini cümlə şəklində ifadə etsək, fikir daha asan qavranılar:

  • Müəllim çalışır ki, şagirdlər telefonun ixtirasını şərtləndirən səbəblər haq­qında öz fikirlərini söyləsinlər.

Bəzən feili tərkib xəbərlə “bəhsə girir” və fikri düzgün ifadə etməyə mane olur. Məsələn, cümlələrdə zaman zərfliyinin əvvəldə gəlməyi zamanın hansı hərəkətə – feili tərkibə, yoxsa xəbərə aid olduğunu müəyyən etməkdə çətinlik yaradır:

  • Dayım evinə qayıdanda məni də özü ilə aparacağına söz verdi.

Məlum deyil: “evinə qayıdanda söz verdi”, yoxsa “evinə qayıdanda aparacaq”. Belə hallarda fikri tabeli mürəkkəb cümlə şəklində ifadə etmək daha düzgün olardı:

  • Dayım evinə qayıdanda söz verdi ki, məni də özü ilə aparacaq.
  • Dayım söz verdi ki, evinə qayıdanda məni də özü ilə aparacaq.

Və ya:

  • Təqdimatdan sonra yazılmış mətnlər dil-üslub və məzmun baxımından qiymətləndirildi.

“Təqdimatdan sonra yazılmış”, yoxsa “Təqdimatdan sonra qiymətləndirildi”?

 

Aşağıdakı cümlədə də eyni problemlə qarşılaşırıq. Bu dəfə səbəbin hansı hərəkətə aid olduğu məlum deyil:

  • Məqalənin müəllifi başını cəncələ salmamaq üçün öz fikrini söyləməkdən çəkinənləri qınayır. 

Başını cəncələ salmaq istəməyən kimdir – məqalənin müəllifi, yoxsa öz fikrini söyləməkdən çəkinənlər?

Beləliklə, zərflik cümlənin əvvəlində gələndə onun feili tərkiblə ifadə olunmuş ikincidərəcəli cümlə üzvünə, yoxsa xəbərə aid olduğunu müəyyən etmək mümkün olmur.

 

Feili tərkibin mübtəda ilə xəbərin arasına “girməsi” hərdən iki deyil, üçmənalılıq da yarada bilər:

  • Qadın pianoçalanın qızı olduğunu söylədi.

Bu sadə cümləni mürəkkəb cümlə şəklində ifadə etdikdə hər şey aydınlaşır:

  • Qadın söylədi ki, pianoçalan onun qızıdır.
  • Qadın söylədi ki, o, pianoçalanın qızıdır.
  • Qadın söylədi ki, pianoçalanın qızı var.

 

Eyni problemə mürəkkəb ismi birləşmələr olan cümlələrdə də rast gəlirik. Məsələn, aşağıdakı cümləyə diqqət yetirək:

  • Ən qədim türk yazısı 2500 il öncəyə aid olunan Almatının 50 km yaxınlığındakı Esik kurqanda aşkar edilib.

Təyin özündən sonra gələn mürəkkəb ismi birləşmənin əsas (Esik kurqan), yoxsa asılı tərəfinə (Almatı) aiddir?

 

Başqa bir nümunə:

  • Bundan öz məqsədləri üçün istifadə etməyə çalışanlardan biri – gürcü çarı II İrakli və onunla həmfikir olan Cavad xanın yeznəsi, Qarabağ xanı İbrahimxəlil xan idi.

Cümlə kontekstindən məlum olmur, gürcü çarı ilə həmfikir olan kimdir: Cavad xan, yoxsa onun yeznəsi? Bunu yalnız daha geniş kontekstdən müəyyən etmək mümkündür.

 

Beləliklə, mürəkkəb söz birləşmələri Azərbaycan dilinin sintaksisində “Qordi düyünü”nə çevrilib. Burada tərcümə ədəbiyyatının da güclü təsiri olub. Yuxarıda qeyd edildiyi kimi, bir çox dillərdə xəbər mübtədadan bilavasitə sonra gəlir, daha sonra ikincidərəcəli üzvlər yer alır. Bu cümlə üzvləri ilə bağlı əlavə informasiya isə əsas cümləyə bağlayıcı sözlər vasitəsilə cümlə şəklində artırılır. Bu konstruksiya nə qədər mürəkkəb (həcmcə böyük) olsa da, fikrin asan qavranılmasına mane olmur, çünki informasiya əsasdan əlavəyə doğru açılır:

  • Я решил поехать в Свердловск, где мером города является Александр Поляков, с которым я знаком очень давно и близко дружил в студенческие годы.

Hərfi tərcümə:

  • Mən qərara gəldim, gedim Sverdlovska, harada ki şəhərin meri Aleksandr Polyakovdur, hansı ilə ki mən çoxdan tanışam və tələbəlik illərində yaxın dostluq etmişik.

Psixolinqvistik baxımdan asan qavranılsa da, qrammatik baxımdan belə cümlələr, sözsüz ki, məqbul sayılmır. Bu cümlə konstruksiyalarının təsiri nəticəsində son dövrdə dilimizdə hansı ki ..., harda ki ..., baxmayaraq ki ..., nə vaxt ki... kimi bağlayıcı sözlərlə düzələn mürəkkəb cümlələr işlənməyə başlamışdır ki, onları sintaktik kalkalar adlandırmaq olar.

Bu kalkalardan qaçmaq üçün tərcüməçilər əlavə informasiya daşıyan cümlələri feili tərkib şəklinə salır və mübtəda ilə xəbər arasında yerləşdirirlər:

  • Mən çoxdan tanıdığım və tələbəlik illərində yaxın dostluq etdiyim Aleksandr Polyakovun şəhər meri olduğu Sverdlovska getmək qərarına gəldim.

 

Lakin nəzərə almaq lazımdır ki, qrammatik cəhətdən qüsursuz cümlə anlaşıqlıq baxımından heç də uğurlu cümlə demək deyil. Tərcüməçinin vəzifəsi mətndəki fikirləri təhrif etmədən oxunaqlı ifadə etməkdir. Bunun üçün tərcümə olunan dilin spesifikasını nəzərə almaq lazımdır:

  • Mən Sverdlovska getmək qərarına gəldim. Bu şəhərin meri Aleksandr Polyakovla çoxdan tanış idim; tələbəlik illərində yaxın dost olmuşduq.

 

Beləliklə, mürəkkəb feili tərkibli sadə cümlələr bir çox hallarda asan qavranılmır, bəzi hallarda isə bu tərkiblər ikimənalılığa səbəb olur. Bunun qarşısını almağın ən yaxşı yolu cümləni sintaqmlara bölmək, fikri bir neçə cümlədə ifadə etməkdir. Bunun üçün tabeli və tabesiz mürəkkəb cümlə konstruksiyalarından, həmcins xəbərli cümlələrdən, eləcə də əlavə cümlələrdən istifadə etmək olar. Buna parselyasiya demək olar:

 

        Mürəkkəb tərkibli sadə cümlə

                    Parselyasiya

Yazıda şifahi nitqin emosional xüsusiyyətlərini əks etdirmək və mətni mənalı hissələrə bölmək məqsədilə müxtəlif durğu işarələrindən istifadə edilməsi ideyası çox qədim zamanlarda yaranmışdır.

Durğu işarələri, əsasən, iki məqsədə xidmət edir: şifahi nitqin emosional xüsusiyyətlərini əks etdirmək və mətni mənalı hissələrə bölmək. Bu məqsədlə yazıda durğu işarələrindən istifadə etmək ideyası çox qədim zamanlarda yaranmışdır.

Arılar növbə ilə qızılgülün tən ortasına qonaraq gülün ətirli şirəsindən doyunca içdikdən sonra uçub-gedərək haradasa öz yüklərini boşaldıb təzədən qayıdırdılar.

Arılar növbə ilə qızılgülün tən ortasına qonur, gülün ətirli şirəsindən doyunca içir, sonra da uçub-gedir, haradasa öz yüklərini boşaldıb təzədən qayıdırdılar.

Sonra da həmişə nə barədəsə dərindən fikirləşdiyi zamanlarda olduğu kimi, otaqda var-gəl etməyə başladı.

Sonra da otaqda var-gəl etməyə başladı. (Nə barədəsə dərindən fikirləşdiyi zaman həmişə belə edirdi.)

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.