Deyilənə görə, qıpçaqların qul bazarında belə bir qayda vardı. Əgər bir tacir bir dəfəyə qırx qulun hamısını alsaydı, qul alverçisi yalnız otuz doqquzunun pulunu alır, qırxıncı qulu ona bağışlayırdı.
Səlcuqlu hökmdarı Sultan Mahmudun zamanında (1118 – 1131) iraqlı bir qul taciri eyni qayda ilə qırx qulu birdən almışdı. Qul alverçisi də tacirdən otuz doqquz qulun pulunu götürmüş, qırxıncını isə hədiyyə etmişdi. Həmin qul həddən artıq çəlimsiz olduğundan tacir onu könülsüz qəbul eləmişdi. Sonra da qulları arabaya mindirib İraqın yolunu tutmuşdu. İlin yay fəsli olduğundan karvan ancaq gecələr hərəkət edir, gündüzlər dincəlirdi. Qırxıncı qul yolboyu elə hey yuxuladığından arabadan üç dəfə yerə yıxılmışdı. İki dəfə onu qaldırıb arabaya qoysalar da, üçüncü dəfə tacir əmr eləmişdi ki, onu yolda buraxsınlar. Nədə olsa, bu qula pul verməmişdi, üstəlik, belə sısqa, çəlimsiz biri, çətin ki, tacirin işinə yarayardı. Əksinə, bu qulun qarnını doyurmaq boş yerə məsrəf demək idi.
Yenə deyilənə görə, elə ki səhər açıldı, qul yuxudan ayıldı, sağa‐sola boylandı, ətrafda kimsəni görməyib karvanın getdiyini yəqin elədi. Ayağa qalxıb arabanın izlərini təqib edərək qızmar günəşin altında bütün günü yol getdi, axırda axşama doğru karvanı haqladı. Qulun bu fərasəti və ağlı taciri çox heyrətləndirdi. Qaydaya görə, Səlcuqlu dövlətinin ovaxtkı paytaxtı İsfahana gətirilən qul karvanlarını əvvəlcə dövlət adamları gözdən keçirirdilər. Onlar sağlam, bacarıqlı qulları seçib alır və orduya cəlb edirdilər. Haqqında danışılan tacir də qullarını sultanın vəziri Kəmalülmülkə təqdim elədi. Vəzir onları bir‐bir gözdən keçirdi, aralarından bəzilərini seçdi. Seçmədiyi qullar arasında, şübhəsiz ki, barəsində bəhs elədiyimiz həmin sısqa, çəlimsiz qul da var idi. İşi belə görən qul vəzirin ətəyinə yapışıb yalvar‐yaxar etdi ki, onu da özü ilə aparsın.
Aradan illər keçəcək, bu qul Səlcuqlu sultanlığının ən böyük əmirləri və atabəyləri sırasında yer alacaq, tarixə Şəmsəddin Eldəniz kimi düşəcəkdi...
Şəmsəddin Eldənizlə bağlı bu rəvayət doğrudurmu?
Çağdaş Azərbaycan tarixçiliyinin görkəmli nümayəndəsi Əkbər N.Nəcəflinin araşdırmasından Şəmsəddin Eldənizin, həqiqətən də, qul kimi satıldığı aydın olur. Bununla belə, o yazır ki, Eldənizin qul kimi aparıldığı yol mübahisəlidir. Birinci ehtimala görə, onun olduğu qul karvanı indiki Türkmənistan torpaqlarından keçərək Xorasana, oradan da Həmədana gəlib. İkinci ehtimala görə, Eldəniz Qara dənizin şimalından Dərbənd yolu ilə Azərbaycana gətirilib. Hər iki ehtimal ağlabatan görünür. Lakin Eldənizin gətirildiyi karvan yolu haqqında mənbələrin verdiyi təsvirdən belə başa düşmək olar ki, söhbət daha çox Orta Asiya‐Xorasan yolundan gedə bilər. Çünki məhz həmin yolun keçdiyi ərazilərdə bərk istilər olurdu. Belədə karvanlar gündüz dincəlib gecə hərəkət eləmək məcburiyyətində qalırdı (Bax: Əkbər N.Nəcəf. Şəmsəddin Eldəniz, “Altun kitab” nəşriyyatı”, 2024).
Orta çağın tarixçiləri Eldənizin məhz “qırxıncı qul” kimi satıldığına dair iddiaları təkrarlayırlar. Bu sırada "Rövzət əs-səfa" əsərinin müəllifi Mirxondla (1433 – 1498) onun nəvəsi, məşhur “Həbib əs-siyar” əsərinin müəllifi Xondəmir (1475 – 1536) də var.
Azərbaycan şərqşünası və tarixçisi Ziya Bünyadov da “Azərbaycan Atabəylər dövləti (1136 – 1225-ci illər)” əsərində (səh.37-38) orta çağ müəlliflərinə istinadən Şəmsəddin Eldənizin məhz 40-cı qul kimi satıldığına dair fərziyyəyə yer verir.
Mənbələrdə bu fərziyyənin əleyhinə hər hansı fikrə, yaxud bilgiyə isə rast gəlinmir.
Bu da Eldənizlə bağlı məlum iddiada həqiqət payının kifayət qədər yüksək olduğunu düşünməyə əsas verir.
“Qırxıncı qul”un sahibi kim idi?
Mirxondun yazdığına görə, İraqda aralarında Şəmsəddin Eldənizin də olduğu qulları Səlcuqlu sultanının vəziri Kəmalülmülk satın alıb.
Əkbər N.Nəcəf qeyd edir ki, əsl adı Əli ibn Əhməd əs‐Sümeyrəmi olan bu vəzir ağıllı və istedadlı biri idi. Elə ona görə də “Kəmalülmülk” ləqəbi ilə çağırılırdı. Əslən isfahanlı olan vəzirin atası Böyük Səlcuqlu hökmdarı Sultan Məlikşahın (1055 – 1092) arvadı Tə kən xatunun İsfahandakı torpaqlarına nəzarət edirdi. Atasının imkanlı olması səbəbindən yaxşı təhsil alan Sümeyrəmi tezliklə Səlcuqlu sarayında məmurluğa başlamışdı. Ağıllı, bacarıqlı və bir qədər də hiyləgər olduğundan qısa müddətdə divan vəzirlərindən birinə çevrilmişdi. İraq Səlcuqlu sultanlığının ilk vəziri olan Rəbib öldükdən sonra isə Sultan Mahmud onu baş vəzir təyin etmişdi.
Sümeyrəmi üç il vəzirlik məqamında qalmışdı. İsmaililərə qarşı barışmaz mövqeyi ilə seçildiyindən o, 1122‐ci ildə Həsən Səbbahın fədailəri tərəfindən öldürülmüşdü. Kəmalülmülkün həyatda ən böyük uğuru isə Şəmsəddin Eldənizi yetişdirmək olmuşdu...