“Molla Nəsrəddin” dərgisinin 1912-13-cü illərdəki saylarında işıq üzü görən bir sıra karikaturaların altında “X.M” və ya “Musayev Çoxski” imzalarını görmək olardı. O zamanadək bu jurnalla dövrünün görkəmli karikatura ustaları – Şmerlinq, Rotter, Əzim Əzimzadə kimi rəssamlar əməkdaşlıq edirdilər. Dərginin 6 yaşından etibarən isə onların sırasına Xəlil Musayev də daxil oldu. Düzdür, adları çəkilənlərlə müqayisədə bu imza çoxumuza, bəlkə də, heç nə demir, lakin onun “X.M”, “Musayev Çoxski”, ya da “Xəlil Musayev” imzası ilə çəkdiyi karikaturalar məzmun və rəssamlıq texnikası etibarilə digərlərindən qətiyyən geri qalmırdı. Belə karikaturalardan biri “Molla Nəsrəddin”ə edilən hücumlara həsr olunmuşdu. Orada dərginin arxasınca böyük kütlənin getdiyi təsvir olunurdu, bir kənarda dayanmış mürtəce dəstə isə jurnalı belə hədələyirdi: “Dayan, nə qədər ki, canımızda can var, qoymayacağıq camaatı yoldan çıxarasan!”
Bəs Xəlil Musayev kim idi?

Bəs Xəlil Musayev kim idi? Tərcümeyi-halından belə məlum olur ki, o, 1890-cı ildə Dağıstanın Çox aulunda dünyaya gəlib (“Çoxski” imzası da elə buradan qaynaqlanırdı). Bəzi mənbələrdə doğum tarixi 1897-ci il kimi göstərilir. Bu, bir o qədər də ağlabatan görünmür. Məsələ orasındadır ki, Xəlil bəyin imzası “Molla Nəsrəddin”də ilk dəfə 1912-ci ildə görünüb, belədə onun həmin dərgidə 15 yaşından etibarən kariukatura çəkməyə başladığına inanmaq çətindir. Ona görə də 1890-cı il təvəllüd tarixi olaraq daha inandırıcı görünür.
Rəssamın Manijal adlı avar nəslinə mənsub atası İsrafil bəy Musayev çarın şəxsi qvardiyasında xidmət edib, sonra isə mahal naibi olub.
Xəlil bəy öncə – 1912-ci ildə Tiflisdəki Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən boyakarlıq və heykəltaraşlıq məktəbində, ardından isə “Molla Nəsrəddin”in mənşəcə alman olan rus karikatura ustası Şmerlinqin tövsiyə və yardımı ilə Almaniyada, Münhen Rəssamlıq Akademiyasında təhsil almışdı. Yəni kifayət qədər peşəkar fırça ustası idi.
X.Musayev “Molla Nəsrəddin”lə yanaşı, Bakıda “Kəlniyət” (naşiri: Seyid Hüseyn) və rusdilli “Baraban” (naşiri: İsa Aşurbəyli və Behbud Şahtaxtinski) satirik məcmuələrində, eləcə də “Məzəli” (naşiri: Haşım bəy Vəzirov) jurnalında mövzu baxımından xeyli aktual karikaturalarla çıxış edir.
Münhendən qayıtdıqdan sonra Dağıstan vilayətinin o vaxtkı adı ilə Temirxan-Şura (indiki Buynaksk) dairəsində yaşamağa başlayan Xəlil Musayev artıq karikatura deyil, portretlər çəkməklə məşğul idi.
Tədqiqatçı Vilayət Quliyevin yazdıqlarından belə məlum olur ki, Dağıstanın ilk ədəbi-bədii jurnalı sayılan “Tanq Çolpan” (1919) məcmuəsinin yüksək səviyyəli tərtibatında onun mühüm rolu olub, bundan başqa, 1919-cu ildə Vladiqafqazda rəssamın ana vətənində ilk və son sərgisi açılıb. Sərgi böyük maraq doğurub, haqqında rusdilli mətbuatda bir sıra müsbət rəylər çıxıb (Vilayət Quliyev, “Molla Nəsrəddin” rəssamı – Xəlil Musayev, 525-ci qəzet, 27 noyabr 2010, səh. 24-25).
Leninə hədiyyədən imtina
V.Quliyevin yazdığına görə, 1920-ci ildə Dağıstanın sovetləşməsindən sonra yerli rəhbərlik Leninə hədiyyə göndərmək istədiyi liter vaqonun Qafqaz lövhələri ilə bəzədilməsini Xəlil Musayevə tapşırır, hansı ki o həmin vaxt yerli Xalq Maarif Komissarlığının incəsənət bölməsinə rəhbərlik edirmiş.
Bununla belə, X.Musayev bolşevizmə, ümumilikdə isə sovetləşməyə heç bir rəğbət bəsləmirdi, yeni idarəçilik sisteminə şübhə ilə yanaşırdı və onun caynağından xilas olmaq üçün fürsət axtrarırdı. Bu səbəbdən də yenidən Avropaya qaçmaq, Almaniyada yarımçıq qalmış təhsilini davam etdirmək istəyirdi.
Həmin vaxt əmisi oğlanlarından birinin yeni rəhbərlik tərəfindən sorğu-sualsız güllələnməsi gənc rəssamın bu istəyini daha da qüvvətləndirir.
Rəng almaq bəhanəsi ilə Leninin liter vaqonu üzərində işi dayandıraraq Bakıya yollanır, burada xarici işlər komissarının və hərbi işlər komissarının qəbuluna düşməyə çalışır. Sovet Azərbaycanı hökumətinin o vaxtkı rəhbərinin şəxsi katibi ilə dostlaşır, hətta onun portretini çəkir. Bu barədə X.Musayev çox sonralar – 1936-cı ildə özü haqqında Münhendə çap olunmuş “Sonuncu cəngavərlər ölkəsi” adlı kitabda danışıb.
Müəllifi Luiza Laporta ad-soyadlı alman qadın olan həmin kitabda yazılanlardan belə görünür ki, “Musayev Çoxski”nin bütün səyləri nəticəsiz qalır, bununla belə, xaricdə onunla birlikdə oxuyan azərbaycanlı dostunun köməyi ilə sərhədi keçə bilir.
1925-ci ildə o, Münhendəki rəssamlıq təhsilini başa vurur.
Bundan bir il əvvəl isə Dağıstan MSSR xalq maarif komissarı Əlibəy Taxo-Qodini ona yazdığı məktubda mümkün qədər tezliklə Vətənə qayıtmasını xahiş edirdi. Sitat: “Xalqımızın indiki çətin vəziyyətində hər mədəniyyət adamının dəyəri olduqca böyükdür… Əgər indi vətəndə olsaydınız, rəssamlıq, teatr, məktəb vasitəsilə xalqa bədii-estetik təsir göstərmə işinin mərkəzində dayana bilərdiniz”.

Almaniyadan ABŞ-yə…
Ancaq X.Musayev Dağıstana dönməyi ağlının ucundan belə keçirmirdi, o, tələbə ola-ola Münhendə ilk sərgisini açmış, bir müddət sonra isə Münhenin də daxil olduğu, Almaniyanın ən böyük vilayəti sayılan Bavariyanın yerli rəssamlar gildiyası üzvlüyünə qəbul edilmişdi.
İstisna deyil ki, çox sonralar – 1937-ci il repressiya zamanı qardaşının, bacısı ərinin və digər yaxın qohumlarının repressiyaya məruz qalmasında rəssamın Almaniyadan geri qayıtmamaqla bağlı qərarının rolu da az deyildi. Hər halda həmin dövrdə Avropaya mühacirət edən şəxslərin SSRİ-də yaşamaqda olan yaxınlarına xüsusi aqressiya və amansızlıqla yanaşıldığını xatırlamağa ehtiyac yoxdur.
1921-1947-ci illərdə Almaniyada yaşayan, bu müddətdə Cenevrə, Münhen, Berlin, Roma, Florensiya, İstanbul, Madrid, Tehran, Nyu-York kimi şəhərlərdə sərgiləri açılan, rəsm əsərləri böyük maraqla qarşılanan “Molla Nəsrəddin”çi rəssam cəmi 52 il yaşayıb. O, ABŞ-də vəfat edib. Belə ki, 1938-ci ildə Berlində aristokrat ailəyə mənsub olan baronessa Melani Oliviya Yuliya fon Nagel ilə ailə quran rəssam bundan doqquz il sonra, İkinci Dünya müharibəsinin ardından növbəti dəfə mühacirət etmək məcburiyyətində qalıb və ABŞ-yə köçüb. Həmin vaxt Xəlil Musayev həyatda qalan sonuncu “Molla Nəsrəddin”çi idi. Birləşmiş Ştatlarda vur-tut iki il yaşayan rəssam 1949-cu ildə dünyasını dəyişib.
Ağır xəstəlikdən gözlərini həmişəlik yuman Xəlil Musayev Nyu-Yorkun təxminən yüz kilometrliyində yerləşən kiçik Betlehem şəhərində dəfn olunub.
Onun sevib evləndiyi, ilham pərisi kimi qəbul etdiyi baronessa isə bu yaxınlara, daha doğrusu, 2006-cı ilə kimi sağ idi. Düz 96 il ömür sürüb, şair və tərcüməçi kimi də ad çıxaran bu qadın 50 ilə yaxın müddətdə rahibə həyatı yaşayıb və “Jerome ana” kimi tanınıb. Xatirəsinə daim ehtiramla yanaşdığı ərinin bir sıra şəxsi əşyalarını və 100-dən çox tablosunu qoruyub saxlayan baronessa, SSRİ-nin süqutundan sonra onları Dağıstana göndərib.
Deyilənə görə, sonuncu “Molla Nəsrəddin”çinin son istəyi belə imiş.
Material yazar Elnur Astanbəylinin “Sonuncu “Molla Nəsrəddin”çinin ABŞ yolu” araşdırması (“Azlogos” dünya azərbaycanlılarının intellektual platforması, yanvar, 2020) əsasında hazırlanmışdır.