Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Qrammatika
The author: Rafiq İsmayılov

Sözlərin morfoloji tərkibi

 

Dil daşıyıcısı nadir hallarda sözün morfoloji tərkibində səhvə yol verir. Oğruçu, bağbançı, xadiməçi kimi təhriflərə daha çox uşaqların nitqində rast gəlinir. Aydındır ki, -çı şəkilçisi sözlərə qoşularaq, əsasən, peşə mənası yaradır, ona görə də bu şəkilçinin peşə bildirən sözlərə qoşulması morfoloji-semantik tavtologiyaya səbəb olur.

 

Bəzən elə sözlərə də rast gəlinir ki, onların morfoloji tərkibini qrammatik qanunauyğunluqlar baxımından izah etmək çətin olur. Məsələn: görünmək əvəzinə görükmək (və ya görsənmək), qorxutmaq əvəzinə qorxuzmaq və s.  Lakin bu sözlər çox işləndiyindən lüğətlərdə yer almışdır. Artıq -ız şəkilçisini qeyri-məhsuldar şəkilçi hesab etmək də düzgün olmaz: qalxızmaq, durğuzmaq və s.

 

Mübahisə yaradan dil hadisələrindən biri də -çı-lıq şəkilçilərinin bir yerdə sözlərə qoşulmasıdır. Söhbət peşmançılıq, narahatçılıq kimi sözlərdən gedir. Bu sözlərin morfoloji təhlili zamanı həmin şəkilçiləri bir-birindən ayırmaq olmur: dilimizdə peşmançı, narahatçı sözləri yoxdur. Bununla belə, həmin sözlərə çox tez-tez rast gəlinir. Sıravi dil daşıyıcısı üçün morfoloji təhlil önəmli deyil; o, nitqində şüuraltı dil stereotiplərindən və analogiyalardan çıxış edir: əgər atalarımız “Sonrakı peşmançılıq fayda verməz” deyiblərsə, deməli, narahatçılıq, mehribançılıq da demək olar.

Maraqlıdır ki, leksikoqraflarımız da bu məsələdə vahid mövqe nümayiş etdirmirlər: orfoqrafiya lüğətində həm nigaranlıq, həm də nigarançılıq sözləri yer aldığı halda, peşmançılıq, narahatçılıq, mehribançılıq sözləri əks olunmayıb. Güman edirik ki, dilçilərimiz, nəhayət, de-fakto mövcud olan bu sözləri de-yure qəbul etməli, mürəkkəb -çılıq şəkilçisinin bəzi sözlərə qoşulmasına “icazə verməlidirlər”.

 

Haqqında qoşması bəzən haqda kimi də işlənir. Bir çox dilçilər bu sözün ixtisar olunmuş şəkildə işlənməsini ədəbi dilin normalarına uyğun hesab etmirlər. Bu qoşma haqda şəklində lüğətlərdə də yer almayıb.

Sözsüz, bir çox hallarda haqqında qoşmasının lüğətdə göstərildiyi kimi işlənməsi daha məqsədəuyğundur:

  • İndi mən sizə telefonun ixtirası haqqında maraqlı məlumat verəcəyəm.

Lakin elə kontekstlər də var ki, haq­qında qoşmasının haqda kimi işlənməsi daha münasibdir:

  • O, kəndə gedəcəyi haqda heç kimə bir söz demədi.

Nəhayət, elə hallar da var ki, haqqında qoşması yalnız haqda kimi işlənə bilər:

  • İstəsəniz, sabah bu haqda bir də danışarıq.

 

Orfoqrafiya lüğətində əks olunmuş “bir-biri” sözü, əsasən, ilə qoşması və hal şəkilçiləri ilə işlənir. Çox zaman bu söz səhv olaraq cəm şəkilçisi ilə işlədilir ki, bu da nitqə ağırlıq gətirir:

Yanlış: Qalib gələnlər bir-birilərini təbrik edirdilər.

Doğru: Qalib gələnlər bir-birini təbrik edirdilər.

Ümumiyyətlə, nitqdə -lar² şəkilçisinin ehtiyac olmadan sözlərə artırılması yazıda tez-tez rast gəlinən qüsurdur:

  • Samir onların arxalarınca səsləndi.
  • Bunlar öz vətəndaşlarımızdırlar.

 

-mışlar, yoxsa -larmış? 

Söhbət keçmiş zaman şəkilçisindən gedirsə, sözsüz ki, əvvəlcə zaman, sonra şəxs şəkilçisi işlənməlidir:

  • Görüşdə tərəflər iqtisadi problemləri müzakirə etmişlər.

Lakin imiş köməkçi feilinin yeri sabit deyil: o, şəxs şəkilçisindən əvvəl və ya sonra işlənə bilər:

  • Əvvəllər dekorativ balıqları süni yaradılmış kiçik hovuzlarda saxlayırmışlar.
  • Əvvəllər dekorativ balıqları süni yaradılmış kiçik hovuzlarda saxlayırlarmış.

 

Bilməzlik, yoxsa bilməməzlik?

Orfoqrafiya lüğətinə görməməzlik, bilməməzlik, yeməməzlik kimi sözlər salınıb. Bu qəbil sözlərin morfoloji baxımdan təhlili göstərir ki, burada -lıq şəkilçisi qeyri-qəti gələcək zamanın inkarında olan feillərə (görməz, bilməz) qoşulur. Əlbəttə, görməməzlik sözünün qrammatik formasına da “don geyindirmək” olar: görməmək – inkarda olan məsdər, k-z əvəzlənməsi və s. Bununla belə, bilməzlik morfoloji konstruksiyasının həm qrammatik, həm də lakoniklik baxımından daha məqbul olduğunu düşünürük.

 

-ma², yoxsa -maq²?

Bu dilemma da bəzən yazıda problem doğurur:

  • Onun belə danışmağı hamını şübhəyə saldı. 

yoxsa:

  • Onun belə danışması hamını şübhəyə saldı.

 

Qeyd etmək lazımdır ki, -maq² ilə müqayisədə -ma² şəkilçisində substantivlik (əşyavilik) özünü daha çox göstərir. Təsadüfi deyil ki, bu şəkilçi həm də feildən isim düzəldir: bağlama, qızartma və s.

Bununla belə, məsdər şəkilçisi kimi çıxış edəndə bu şəkilçilər arasında ciddi fərq olmur:

  • Film çəkilərkən Qaqarinin kosmosu fəth etməyindən (etməsindən) cəmi üç il ötmüşdü.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.