Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Leksika
The author: Rafiq İsmayılov

Sözlərin yerli-yerində işlənməməsi

 

Mətndə leksik pozuntular ilk növbədə sözlərin kontekstə uyğun gəlməyən mənada işlənməsi nəticəsində baş verir. Bir neçə nümunəni nəzərdən keçirək:

Yanlış: XIX əsrdə ipək ölkədən xaric edilən əsas məhsullardan biri idi.

Düzgün: XIX əsrdə ipək ölkədən ixrac edilən əsas məhsullardan biri idi.

 

Yanlış: İndiyədək tapılmamış bir sirlə qarşılaşmışıq.

Düzgün: İndiyədək açılmamış bir sirlə qarşılaşmışıq.

 

Yanlış: Bu söz həmin kontekstə tamamilə uyğun deyil.

Düzgün: Bu söz həmin kontekstə qətiyyən uyğun deyil.

 

Yanlış: Kufi xətti ornamental xüsusiyyət daşıyır.

Düzgün: Kufi xəttinin ornamental xüsusiyyəti var.

 

Yanlış: Bu, Şirvan xalçalarına səciyyəvi olan ornamentlərdən biridir.

Düzgün: Bu, Şirvan xalçalarına xas olan ornamentlərdən biridir.

Düzgün: Bu, Şirvan xalçaları üçün səciyyəvi ornamentlərdən biridir.

 

Yanlış: Hannibalın Roma ordusuna qarşı bir çox qələbələri onun misilsiz ­hər­bi zəkasından xəbər verir.

Düzgün: Hannibalın Roma ordusuna qarşı bir çox döyüşləri onun misilsiz hərbi zəkasından xəbər verir.

Düzgün: Hannibalın Roma ordusu üzərində bir çox qələbələri onun misilsiz hər­bi zəkasından xəbər verir.

 

Cümlələrdə bəzən sabit söz birləşmələrinin də təhrif olunduğunu görürük:

  • Bu fəaliyyəti qruplarla iş formasında da aparmaq olar.

“Fəaliyyət aparmaq” yox, “fəaliyyət qurmaq”.

  • Dostum taleyin ona verdiyi ağır sınaqlara baxmayaraq, ayaqda qalmağı bacardı.

“Sınaq vermək” yox, “sınağa çəkmək”.

  • Düşmən bunun qisasını çıxmaq istəyirdi.

“Qisas çıxmaq” yox, “qisas almaq” və ya “heyif çıxmaq”.

 

Bəzən ilk baxışda tamamilə eyni məna kəsb edən sinonimlər müəyyən kontekstlərdə bir-birini əvəz edə bilmir:

  • Mavi ləpələr sahildəki qayaları döyəcləyirdi.
  • Coşqun dalğalar sahildəki qayalara çırpılırdı.
  • Biz idman dərsində 100 metr məsafəyə qaçdıq.
  • Uşaq anasını görüb ona tərəf yüyürdü.

 

Mətnlərdə sintaqm səviyyəsində məna təhriflərinə də rast gəlinir:

  • Cəmi 30 ilə yaxın bir müddət əvvəl eyni sistemdə yaşayırdılar, eyni ölkənin vətəndaşı idilər.
  • Bu musiqi alətləri Məcnun Kərimov vasitəsilə yaranmışdır.
  • O nəinki böyük bəstəkar, istedadlı rəssam, hətta gözəl insandır.
  • Bu layihə biznesdə şəffaflığı təmin edər, vergidən yayınma hallarına dəstək olar.

 

Leksik pozuntulardan biri də cümlələrdə artıq sözlərin işlənməsidir. Bu, nitqi ağırlaşdırır və üslub səhvi kimi qiymətləndirilir:

Yanlış: Beləliklə, aparılan qabaqlayıcı tədbirlər nəticəsində bu problemin həlli uğurla nəticələndi.

Düzgün: Beləliklə, qabaqlayıcı tədbirlər nəticəsində bu problem uğurla həll olundu.

 

Yanlış: Tapşırığın məqsədi verilmiş biliklərin möhkəmləndirilməsinə xidmət etməkdir.

Düzgün: Tapşırığın məqsədi verilmiş bilikləri möhkəmlətməkdir.

Düzgün: Tapşırıq verilmiş biliklərin möhkəmləndirilməsinə xidmət edir.

 

Yanlış: Yüngül atletika üzrə yarışlar marafon qaçışının keçirilməsi ilə bitdi.

Düzgün: Yüngül atletika üzrə yarışlar marafon qaçışı ilə bitdi.

 

Yanlış: Bu maşının qiyməti neçəyədir?

Düzgün: Bu maşın neçəyədir?

 

Nitqdə sözlərin lazımsız yerə işlənməsi çox zaman tavtologiyaya gətirib çıxarır.

Bax: Tavtologiya

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.