Reklam
Reklam
Topic: Tarix
Sub-Topic: Ən yeni dövr
The author: Elnur Astanbəyli

Azərbaycanın sürgün edilən ilk aktyoru kimdir?

 

Azərbaycan teatrının görkəmli simalarından biri, ilk filmlərimiz hesab edilən “Bismillah” və “Hacı Qara”dan tutmuş “Arşın mal alan”ın 1945-ci ildə çəkilmiş versiyasınacan bir çox ekran əsərlərində rol alan Mirzəağa Əliyevin tərcümeyi-halındakı maraqlı məqamlardan biri onun 1912-ci ildə sürgün həyatı yaşamış olmasıdır.

Bəs, görəsən, 29 yaşlı aktyorun Həştərxana sürgün edilməsinin səbəbi və ya səbəbləri nə idi?

Bəzi qaynaqlarda Mirzəağa Əliyevin o vaxtkı çar hökumətinin qəzəbinə tuş gəlməsinin səbəbi kimi səhnədə, tamaşalardan birinin gedişində siyasi yanlışlığa yol verilməsi göstərilir. Məsələn, sənətşünaslıq doktoru İlham Rəhimli Azərbaycanın ilk teatr truppaları barədə silsilə yazılarından birində qeyd edir: “Azərbaycan teatr tarixində ilk dəfə olaraq 1912-ci ilin noyabrında “Nicat”ın aktyoru Mirzəağa Əliyev tamaşa zamanı səhnədən dövlət əleyhinə söz işlətdiyinə görə Həştərxan şəhərinə sürgün edilib”.

Ancaq inanmaq çətindir ki, görkəmli aktyorun sürgün həyatı yaşaması sadəcə səhnədəki bir “siyasi səhv”lə bağlıdır. Axı həmin vaxt çar hökuməti əleyhinə kəskin çıxış edən kifayət qədər ziyalı vardı və onların heç biri ilk dəfədən belə ağır cəzalandırılmırdı.

 

Mirzəağa Əliyev kimdir? 

1883-cü ildə Bakının Hövsan kəndində kasıb ailədə doğulan, ilk təhsilini mollaxanada, ardınca 2 saylı Bakı rus-tatar məktəbində alan, aktyor Murad Muradovla tanışlıqdan sonra teatra maraq və həvəs göstərməyə başlayan Mirzəağa Əliyev səhnəyə ilk dəfə 1901-ci ilin iyununda çıxıb. O, Nəcəf bəy Vəzirovun “Müsibəti- Fəxrəddin” faciəsinin tamaşasında Şahmar rolunu oynayıb.

Rolunun öhdəsindən uğurla gələn gənc aktyor beləcə diqqət mərkəzinə düşür və başqa tamaşalara dəvət alır. Hətta 1906-cı ilin payızında özünün “Həmiyyət” teatr truppasını da yaradır.

Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” musiqili komediyasının ilk səhnə variantında (1911-ci il) əsas rollardan birini – Məşədi İbadı məhz Mirzəağa Əliyev canlandırıb. Yeri gəlmişkən, həmin tamaşada Gülnaz rolunda kişi aktyorlarımızdan biri Əhməd Ağdamski çıxış etmişdi.

 

Daha bir maraqlı fakt: Aradan illər keçəcək, rejissor Hüseyn Seyidzadə “O olmasın, bu olsun”u ekranlaşdıracaq və Məşədi İbad roluna Mirzəağa Əliyevi çəkmək istəyəcəkdi. Lakin çəkilişlər yenicə başlamış görkəmli aktyor dünyasını dəyişəcək, məhz bundan sonra rejissor yeni “Məşədi İbad” – Əliağa Ağayevi tapacaqdı.

1916-cı ildə Mirzə Cəlilin “Ölülər” əsəri tamaşaya qoyulmuş, Mirzəağa Əliyev bu tamaşada Kefli İsgəndər obrazını məharətlə canlandırmışdı.

Görkəmli aktyor sürgün edildiyi ilin mayında Azərbaycanın ilk aktrisası Gövhər Qazıyeva ilə evlənir. Onların sənətdə başlayan dostluğu məhəbbətlə nəticələnmiş, lakin evliliyi uzun sürməmişdi. İlk aktrisamız bir neçə il sonra ondan boşanmış, sonradan ikinci dəfə, əslən Güney Azərbaycandan olan bir soydaşımızla ailə qurmuş və sənətin daşını biryolluq atmışdı.

 

Sürgün məsələsi

Qayıdaq Mirzəağa Əliyevin sürgün edilməsinin səbəbinə…

İlk baxışdan görünən odur ki, aktyorun tamaşalardan birinin gedişində çar hökuməti əleyhinə səsləndirdiyi fikirlər buna səbəb olub. Əslində isə, bu, sadəcə məntiqi son idi.

Məsələ burasındadır ki, görkəmli aktyor xeyli əvvəldən müxalif siyasi baxışlara sahib idi, bu fikirlərini dilə gətirməkdən çəkinmirdi. O, hələ sürgün edilməzdən bir neçə il əvvəl oxşar siyasi-ictimai baxışlara malik insanlarla yaxın münasibətdə idi. Yaradılmasında və ilk toplantısında (1906-cı il) iştirak etdiyi “Nicat” mədəni-maarif cəmiyyətinin qurucuları arasında onunla bərabər, Məhəmməd Əmin Rəsulzadə, Mehdi bəy Hacınski, Soltan Məcid Qənizadə, Üzeyir Hacıbəyli kimi dövrünün tənqidi düşüncəli insanlarının olması bunu təsdiqləyir.

Aktyor çar rejimi əleyhinə olan fikirlərini teatr səhnəsindən də səsləndirincə, cəzalandırılması qaçılmaza çevrildi. Bəzi mənbələrdə hətta M.Əliyevin “milli ayrıseçkilik salmaqda” günahlandırıldığı yazılır (məsələn, ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, “Lider” nəşriyyatı, 2004).

Qısası, Mirzəağa Əliyevin səhnədəki “siyasi səhvi”, böyük ehtimalla, çar hökumətinin səbr kasasını daşıran son damla idi. Nəticədə o, Həştərxana sürgün edildi. Qaynaqlarda yazılanlardan məlum olur ki, aktyor burada da boş dayanmayıb, yerli teatr həvəskarlarının köməyi ilə teatr truppası yaradıb, Volqaboyu şəhərlərdə çıxış etməyə başlayıb.

Görkəmli aktyor sürgünə göndərildikdən bir il sonra, Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv edimişdir. Daha sonra isə Bakıya qayıdıb, 41 il boyunca teatr və kino aktyoru kimi fəaliyyət göstərib.

O, 1954-cü ildə 71 yaşında vəfat edib. Qəbri I Fəxri Xiyabandadır.