Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Qrammatika
The author: Rafiq İsmayılov

Cümlədə söz sırası

 

Fikrin dəqiq ifadə olunmasında cümlədəki söz sırasının rolu böyükdür. Bəzən sözlərin yeri dəyişdikdə ötürülən informasiya da fərqli olur:

  • Bəhmənyarın “ət-Təhsil” əsəri Bakıda ilk dəfə 1983-cü ildə nəşr edilmişdir.

(Ola bilsin, əvvəllər başqa yerlərdə də nəşr edilib.)

  • Bəhmənyarın “ət-Təhsil” əsəri ilk dəfə Bakıda 1983-cü ildə nəşr edilmişdir.

(Birmənalı şəkildə ilk dəfə Bakıda nəşr edilib.)

 

Bir sıra hallarda cümlədə söz sırasının yanlış olması qrammatik-üslubi səhv kimi qəbul edilir:

  • Qədimdə insanın burnundan yana tərəf uzanmış qolunun barmaqlarına qədər olan məsafəni bir arşın kimi qəbul edirdilər.

Bu cümlədə söz sırasını aşağıdakı kimi dəyişmək olar:

  • Qədimdə insanın yana tərəf uzanmış qolunun barmaqlarından burnuna qədər olan məsafəni bir arşın kimi qəbul edirdilər.

 

Bəzən cümlədə söz sırası qrammatik baxımdan problemli olmasa da, semantik baxımdan ikimənalılığa gətirib çıxarır. Aşağıdakı cümləyə diqqət yetirək:

  • Bu mənbələrdən əlavə hansı məlumatları əldə etdiniz?

Cümləni iki cür başa düşmək olar:

1. Bu mənbələrdən əlavə, hansı məlumatları əldə etdiniz?

2. Bu mənbələrdən hansı əlavə məlumatları əldə etdiniz?

 

Aşağıdakı cümləyə diqqət yetirək:

  • Günlərin bir günü Qasım kişi oğlu ilə inəkləri tövləyə salmaq istəyir.

Yenə də ikimənalılıqla qarşılaşırıq, çünki “ilə”nin qoşma, yoxsa bağlayıcı rolun­da işləndiyi məlum deyil. Onun yerini dəyişib birmənalı şəkildə bağlayıcı kimi işlətsək, cümlə gülüş doğurmaz:

  • Günlərin bir günü Qasım kişi ilə oğlu inəkləri tövləyə salmaq istəyirlər. 

 

Cümlələrdəki mürəkkəb söz birləşmələri daxilində komponentlərin ardıcıllığı fikrin asan qavranılmasında mühüm rol oynayır:

  • Dahi Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi Azərbaycan himni bizə Cümhuriyyətimizdən yadigardır.

Yiyəlik halda olan iki adın yanaşı gəlməsi cümləni ağırlaşdırır. Onların yerini aşağıdakı kimi dəyişsək, fikir daha aydın ifadə olunar:

  • Əhməd Cavadın sözlərinə dahi Üzeyir Hacıbəylinin bəstələdiyi Azərbaycan himni bizə Cümhuriyyətimizdən yadigardır.

 

Sifət və feili sifət tərkibi ilə ifadə olunan təyinlər yanaşı gələndə də cümlədəki fikir səhv anlaşıla bilər. Çünki sifətin tamamlığa, yoxsa feili sifət tərkibindəki hər hansı sözə aid olduğunu müəyyən etmək çətinləşir:

  • Qeyri-adi, qorxu altında yaşayan insanları coşdura biləcək hərəkətlə əhalini mübarizəyə qaldırmaq olar. 

“Qeyri-adi insanları”, yoxsa “qeyri-adi hərəkətlə”? Yerdəyişmə etsək, fikir birmənalı ifadə olunar:

  • Qorxu altında yaşayan insanları coşdura biləcək qeyri-adi hərəkətlə əhalini mübarizəyə qaldırmaq olar.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.