Reklam
Reklam
Mövzu: Dilçilik
Alt Mövzu: Qrammatika
Müəllif: Rafiq İsmayılov

Cümlənin strukturu

 

Cümlədə əsas informasiya daşıyıcısı, adından göründüyü kimi, xəbərdir.  Xəbər yalnız hərəkəti və ya hökmü ifadə etmir, həm də hərəkətin hansı şəxsə və zamana aid olduğunu bildirir, danışanın hərəkətə münasibətini (əmr, arzu, vacib və s.), subyektin obyektə münasibətini (icbar, məchul və s.) ifadə edir.

 

Azərbaycan dilində cümlədə söz sırasına görə informasiya aşağıdakı ardıcıllıqla ötürülür:

SUBYEKTTƏFƏRRÜAT (məkan, zaman və s.) – HƏRƏKƏT (hökm)

 

Yenə də müqayisə üçün deyək ki, hind-Avropa dillərində bu ardıcıllıq fərqlidir:

SUBYEKT – HƏRƏKƏT (hökm) – TƏFƏRRÜAT (məkan, zaman və s.)

 

Əlbəttə, məntiqi vurğudan asılı olaraq cümlədə sözlərin sırası dəyişə bilər. Məntiqi vurğulu söz çox vaxt xəbərdən əvvəl işlənir:

  • Mən işdən çıxanda onunla rastlaşdım.
  • İşdən çıxanda onunla mən rastlaşdım.
  • Mən onunla işdən çıxanda rastlaşdım.

Göründüyü kimi, xəbərin yeri (cümlənin sonu) sabitdir. Yalnız şairlər qafiyə və vəzn xatirinə xəbəri cümlənin ortasına və ya əvvəlinə gətirə bilərlər.

 

Yenə də, söz birləşmələrində olduğu kimi, əsas informasiya daşıyıcısı sintaktik konstruksiyanın sonunda gəlir. Bu isə bəzən fikrin asan qavranılmasında problemlər yaradır. Bu xüsusilə uzun feili tərkiblər və ismi birləşmələrlə müşayiət olunan cümlələrə aiddir:

  • Robert qırıq yelləncəyə minib kəlləmayallaq yerə yıxılandan və alnında yumurta boyda şiş əmələ gələndən, Mayklın barmağı köhnə dovşan qəfəsinin qapısı arasında qalıb əziləndən sonra uşaqlar başa düşdülər ki, köçdükləri bağda günləri maraqlı keçəcək.

Cümlədə zaman zərfliyi (təfərrüat) əvvəldə gəlir və 24 sözdən ibarətdir. Əsas fikrə çatana kimi bu təfərrüat oxucu üçün mücərrəd söz yığınından başqa bir şey deyil. Qrammatik baxımdan belə cümlələrə irad tutmaq olmaz. Lakin fikrin oxunaqlı şəkildə ifadə olunması baxımından onları uğurlu hesab etmək olmaz. Ona görə də bu cümlə konstruksiyaları haqqında ayrıca danışmağa dəyər.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.