Köməkçi nitq hissəsi kimi "doğrudan" sözünün semantik funksiyası kontekstdən asılı olaraq dəyişir.
1. Əminlik bildirən modal söz. Bu halda "da" ədatı ilə işlənə bilər.
Doğrudan (da), bu işin öhdəsindən gəlmək çox çətin olacaq.
(Həqiqətən, bu işin öhdəsindən gəlmək çox çətin olacaq.)
2. Əvvəlki fikirlə əlaqəni vurğulayan modal söz.
– Bu iş çox çətindir, onun isə təcrübəsi yoxdur.
– Doğrudan, o bu işin öhdəsindən necə gələcək?
3. Sual ədatı. Bu halda "mı" ədatı ilə işlənə bilər.
Doğrudan(mı) o bu işin öhdəsindən gələ biləcək?
(Yəni o bu işin öhdəsindən gələ biləcək?)
Bir çox dilçilər sonuncu fikrə qarşı çıxaraq "doğrudanmı" sözünü apriori (praktikadan asılı olmayaraq) modal söz kimi qəbul edirlər. Gəlin onların arqumentlərinə nəzər salaq.
Arqument: "Doğrudan(mı)" sözündə danışanın fikrə münasibəti (təəccüb), yəni modallıq özünü göstərir.
Əks-arqument: Nəzərə almaq lazımdır ki, dildə modallığın ifadə vasitələrinə modal sözlərlə yanaşı, ədat və feilin şəkilləri də daxildir. (Muxtar Hüseynzadə. "Müasir Azərbaycan dili. Morfologiya", s. 264.)
Prof. Qəzənfər Kazımov bu haqda yazır:
"Sual ədatları: axı, bəs, məgər, yoxsa, olmaya, görəsən, yəni, -mı, -mi, -mu, -mü və s. ... etiraz, narazılıq, xatırlatma, nəsihət, təəccüb, məzəmmət, xahiş, yalvarış çalarlarına malikdir." (“Müasir Azərbaycan dili. Morfologiya”, s. 376.)
Arqument: "Doğrudan(mı)" sözündə ədat (mı) modal sözə (doğrudan) qoşulub; "bəlkə də", "yəqin ki" modal sözlərində olduğu kimi. Belə hallarda modal söz öz hegemonluğunu saxlayır və bu sözlər mürəkkəb modal söz kimi qəbul olunur.
Əks-arqument: "Doğrudan(mı)" sözündə "mı" ədatı "doğrudan" sual ədatına qoşulur. Dilimizdə bu cür söz konstruksiyaları (ədat+ədat) kifayət qədərdir: qoysana (iki əmr ədatı), gəlsənə, bircə və s.
Opponentlərin digər arqumentlərini ciddi elmi arqument kimi qəbul etmək olmaz: "belə qəbul olunub", "vəsaitlərdə belə yazılıb" və s. Nə Qəzənfər Kazımov, nə Muxtar Hüseynzadə, nə də Əlövsət Abdullayevin monoqrafiyalarında "doğrudan(mı)" sözü şərh olunmayıb. Nümunələrdə yalnız "doğrudan(da)" modal sözünə rast gəlinir.
Müasir dilçilik və dil tədrisində sözlərin qrammatik funksiyası haqqında danışarkən iki meyar əsas götürülür: dilçiliyin təməl prinsipləri və kontekst (semantika). Dildə sözlər müxtəlif kontekstlərdə işlənərək yeni qrammatik və leksik məna çalarları qazanır. Ona görə də onlar haqqında kontekstdən kənar fikir yürütmək və bu zaman təməl prinsipləri qondarma qaydalara qurban vermək düzgün yanaşma deyil.

Əgər söhbət yalnız qrammatik mənadan getsəydi, bəlkə, biz də bu məsələni qabartmazdıq. Lakin burada qrammatik məna punktuasiyaya, yəni yazı praktikasına təsir göstərir, belə ki, modal sözlərdən fərqli olaraq, ədat vergüllə ayrılmır. Nümunələrdən də göründüyü kimi, yazı praktikasında "doğrudan(mı)" sözü vergülsüz yazılır.
Qaynaq: Rafiq İsmayılov. Düzgün yazaq. "Altun kitab" nəşriyyatı, Bakı-2022