Reklam
Reklam
Mövzu: Dilçilik
Alt Mövzu: Punktuasiya
Müəllif: Rafiq İsmayılov

Durğu işarələri və ara məsafəsi

 

Ara məsafəsi dedikdə sözlər, eləcə də söz və işarələr arasında qoyulan kiçik boşluq nəzərdə tutulur. Əlyazısı ilə yazılmış mətnlərdə bu məsafənin dəqiq normativ qaydaları olmasa da, müasir dövrdə geniş istifadə olunan kompüter yazısında ara məsafəsi xüsusi əhəmiyyət kəsb edir. Bununla bağlı qaydalara riayət olunmadıqda yazı qeyri-estetik və səliqəsiz görünür.

 

Durğu işarələrindən sonra ara məsafəsi qoyulur. Lakin bəzi istisnalar var:

1. Mötərizə və dırnaq içərisində yazılan söz və ifadələrlə həmin işarələr arasında ara məsafəsi olmur:

  • “Süni intellekt” ifadəsini ilk dəfə Con Makkarti işlədib.
  • Yalnız təmiz türk soyundan olan oğullar (şahzadələr) hökmdar ola bilərdilər.

2. Dırnaq içərisində yazılan söz və ya ifadəyə şəkilçi qoşulduqda ikinci dırnaqdan sonra da ara məsafəsi olmur:

  • Dünən “Arşın mal alan”a bir də baxdım.

3. Cümlə üç nöqtə ilə başlanırsa, ondan sonra ara məsafəsi olmur:

  • ...Bu hadisədən üç il keçmişdi.

Tire işarəsinin hər iki tərəfində ara məsafəsi qoyulur:

  • Bu döyüşdən sonra Olimpiya oyunlarına yeni yarış növü – Marafon qaçışı əlavə edildi.

Tiredən başqa digər durğu işarələri yanaşı gəldikdə onlar arasında ara məsafəsi olmur.

Bax: Yanaşı gələn durğu işarələrinin ardıcıllığı

 

Ara məsafəsi ilə bağlı mübahisə yaradan məqamlardan biri ixtisarlarda və inisiallarda nöqtədən sonra ara məsafəsinin qoyulmasıdır:

          və i.a., yoxsa və i. a.

          f.ü.f.d. (filologiya üzrə fəlsəfə doktoru), yoxsa f. ü. f. d.

          S.S.Axundov, S.S. Axundov, yoxsa S. S. Axundov

Dilçilikdə bu məqam xüsusi qaydalarla tənzimlənmir. Hər bir yazılışın lehinə və əleyhinə arqumentlər söyləmək olar. Məsələn, hər bir hərfin müəyyən söz bildirdiyini, ona görə də nöqtədən sonra ara məsafəsinin vacibliyini iddia etmək olar. Digər tərəfdən, ara məsafəsi varsa, deməli, ixtisarın komponentlərini sətirdən sətrə keçirmək olar. Bu isə yolverilməzdir. Fikrimizcə, bitişik yazmaq daha düzgün variantdır.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.