Reklam
Reklam
Тема: Dilçilik
Тема: Qrammatika
Автор: Rafiq İsmayılov

Feilin “qrammatik idarəçiliyi”

 

Hər bir feil obyekt bildirən sözün müəyyən qrammatik formada olmasını – ismin müəyyən halını tələb edir. Bəzən bu sözlərin qrammatik formasında yanlışlığa yol verilir:

Yanlış: O, tələbəsinin biliyindən tam əmin idi.

Düzgün: O, tələbəsinin biliyinə tam əmin idi.

 

Yanlış: Onlar səyahətlərini müəyyən olunmuş marşrut üzrə davam etdilər.

Düzgün: Onlar səyahətlərinə müəyyən olunmuş marşrut üzrə davam etdilər.

Yanlış: Biz eşitdiklərimizdən çox təəccübləndik.

Düzgün: Biz eşitdiklərimizə çox təəccübləndik.

 

Yanlış: Mən baş vermiş hadisədən təəssüfləndiyimi bildirdim.

Düzgün: Mən baş vermiş hadisəyə təəssüfləndiyimi bildirdim.

 

Yanlış: Durğu işarələrini yerli-yerində istifadə etmək lazımdır.

Düzgün: Durğu işarələrindən yerli-yerində istifadə etmək lazımdır.

 

Yanlış: O, kitabı nəşr etməyi qərara gəldi.

Düzgün: O, kitabı nəşr etməyi qərara aldı.

Düzgün: O, kitabı nəşr etmək qərarına gəldi.

 

Yanlış: Şampolyon Misir heroqliflərinin sirrini açmağa müyəssər oldu.

Düzgün: Şampolyon Misir heroqliflərinin sirrini açmağa müvəffəq oldu.

Düzgün: Misir heroqliflərinin sirrini açmaq Şampolyona müyəssər oldu.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.