Xəbərin həmcins mübtədalarla uzlaşmasında aşağıdakı qaydalar tətbiq olunur:
Həmcins mübtədalardan biri I şəxs əvəzliyi olduqda xəbər I şəxs cəm şəkilçisini qəbul edir:
I şəxs əvəzliyinin iştirak etmədiyi həmcins mübtədalar içərisində II şəxs əvəzliyi olduqda xəbər II şəxs cəm şəkilçisini qəbul edir:
I və II şəxs əvəzlikləri iştirak etmədiyi həmcins mübtədalar III şəxs cəm şəkilçisini qəbul edir:
Cümlədə nə..., nə də... bağlayıcıları işləndikdə xəbər, əsasən, təsdiqdə olur:
Yazıda bəzən bu qaydaya riayət edilmir. Bu xüsusilə “heç” inkar ədatının işləndiyi cümlələrə aiddir:
Həmcins üzvlərdə təkrar olunan qrammatik şəkilçi və hissəciklər, eləcə də qoşmalar sonuncusu saxlanılmaqla ixtisar edilə bilər:
Yalnız həmcins xəbərlər deyil, mürəkkəb cümlənin xəbərləri eyni qrammatik formaya malik olsa, şəkilçiləri ixtisar etmək mümkündür:
Lakin şəkilçi və qoşmaların ixtisarı o halda baş verir ki, həmcins üzvlər eyni qrammatik mənaya malik olsun. Əks halda qrammatik xətalar baş verir:
Yanlış: Dostum incəsənət məktəbi açmış və orada tələbələrə rəssamlıq sənətinin incəliklərini öyrədirdi.
Yanlış: O, müxtəlif səyyahların qeydlərini oxumuş, indi isə Afrika xalqlarının dillərini öyrənirdi.
Cümlələrdə həmcins xəbərlərdən biri keçmiş, digəri qrammatik cəhətdən indiki zaman feili ilə ifadə olunub. Ona görə də birinci xəbərdə idi köməkçi feili ixtisar oluna bilməz.
Düzgün: Dostum incəsənət məktəbi açmışdı və orada tələbələrə rəssamlıq sənətinin incəliklərini öyrədirdi.
Düzgün: O, müxtəlif səyyahların qeydlərini oxumuşdu, indi isə Afrika xalqlarının dillərini öyrənirdi.
Aşağıdakı cümləni nəzərdən keçirək:
Yanlış: Cavabda bu variantlardan yalnız biri və ya heç biri əks olunmasa, sıfır bal verilir.
Həmcins sözlərin (biri, heç biri) hərəsi xəbərin müəyyən qrammatik formasını tələb edir: “biri əks olunsa”, “heç biri əks olunmasa”. Ona görə də fikri başqa cür ifadə etmək lazımdır:
Düzgün: Cavabda bu variantlardan yalnız biri əks olunsa və ya heç biri göstərilməsə, sıfır bal verilir.
Başqa bir nümunə:
Yanlış: Burada nöqtə fikrin bitdiyini yox, sıra sayındakı -ıncı⁴ şəkilçisini əvəz edir.
Düzgün: Burada nöqtə fikrin bitdiyini bildirmir, sıra sayındakı -ıncı⁴ şəkilçisini əvəz edir.
Cümlələrdə bəzən mürəkkəb cümlə komponentlərinin xəbərləri arasında uyğunsuzluğa da rast gəlinir:
Yanlış: Üç ildir ki, bu yaylada təkbaşına ağac toxumu əkirdi.
Düzgün: Üç il idi ki, bu yaylada təkbaşına ağac toxumu əkirdi.
Mənbə:
İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.