Bu suala təkcə sorğu-məlumat kitablarında, internet-viktorinalarda deyil, məktəblilər üçün rəsmi bilik yarışlarında da rast gələ bilərsiniz. Hətta həmin şəxsin adının Klod Emil Jan-Batist Litr olduğunu bilənlərin mükafatlandırılması halları da az olmayıb.
Sizə bir sirr açaq. Bu adda ixtiraçı yoxdur.
Ölçü vahidi kimi litr bir kub desimetr mayenin həcminə bərabərdir və 1793-cü ildə Fransa Respublikasının parlamenti tərəfindən qəbul edilib. İnqilabdan sonra fransızlar çox şeyi dəyişirdilər, o cümlədən ölçü vahidlərini də "milliləşdirirdilər". "Litr" sözünü isə onlar əcdadlarından götürmüşdülər. Qədim Fransada "litron"larla toz halında olan, yaxud axıcı bərk cisimləri ölçürdülər. "Litron" isə yunan sözü "litra"dan yaranmışdır. Antik Yunanıstanın bəzi koloniyalarında litra gümüş pul vahidi, digərlərində eyni zamanda həm də ölçü vahidi idi.
1879-cu ildə Beynəlxalq Ölçü və Çəkilər Komitəsi litr üçün rəsmi simvol müəyyənləşdirdi: latın hərfi "l" (kiçiklə). Lakin çox zaman adamlar bu simvolu oxunuşda 1 rəqəmi ilə səhv salırdılar. Məsələn, 20l – "iyirmi litr" ifadəsini "iki yüz bir" kimi başa düşürdülər. Bir sıra təşkilatlar, xüsusilə tibb cəmiyyətləri həmin simvolun böyük "L" hərfi ilə əvəzlənməsini təklif edirdilər. Beynəlxalq Komitə buna razılıq vermirdi. Mövcud qaydalara görə, yalnız alimin adından yaranmış ölçü vahidlərini böyük hərflə yazmaq olardı.
Kanadanın Vaterloo Universitetinin fizika kafedrasının əməkdaşı Kennet Vulner problemin həllinin orijinal üsulunu tapdı. O, Klod Emil Jan-Batist Litr adlı ixtiraçı-alimin mifik obrazını yaratdı. 1978-ci ildə universitetin "Chem13 News" jurnalında dərc olunmuş məqalədə cənab Litrin ətraflı tərcümeyi-halı da verilmişdi. Onun 1716-1778-ci illərdə yaşadığı, çaxır şüşələrinin istehsalı ilə məşğul olduğu, sifarişlə laboratoriya qabları, o cümlədən üstündə ölçü şkalası olan şüşə silindrlər də hazırladığı bildirilirdi. Guya Litr 1763-cü ildə mayelərin həcmini müəyyənləşdirmək üçün yeni üsul və vahid təklif edib, ölümündən xeyli keçəndən sonra bu təklifi Fransanın yeni parlamenti dəyərləndirib və həmin vahidə onun adını verib.
Vulnerin zarafatını çoxları ciddi qəbul etdi. Beynəlxalq Kimya Birliyinin (IUPAC) "Chemistry International" jurnalı məqaləni növbəti sayında yerləşdirdi. Doğrudur, jurnal səhvə yol verdiyi üçün sonradan oxucularından üzr istədi. Amma artıq gec idi. Əfsanə dünya mətbuatının səhifələrinə yol tapmışdı. Bəzi müəlliflər hətta Litrin bioqrafiyasına aid yeni detallar "tapıb" üzə çıxarır, onun dahi İsveç alimi Anders Selsi ilə dostluq etdiyindən, "standart maye" kimi civəni seçdiyindən və s. yazırdılar.
Cəmi bir il sonra, 1979-cu ildə keçirilmiş XVI Baş konfransında Beynəlxalq Ölçü və Çəkilər Komitəsi icazə verdi ki, litrin işarəsi kimi, istisna qaydasında, kiçik "l" hərfi ilə yanaşı, böyük "L" hərfindən də istifadə olunsun. Bu, cənab Litrin mövcud olduğuna inananların mövqeyini bir az da möhkəmləndirdi.
Qaynaq: Arif Əliyev. Tarixi Yanlışlıqlar (Bakı, Altun Kitab, 2013)