Böyük yazıçı, dramaturq və filosof Mirzə Fətəli Axundovun “Aldanmış kəvakib, yaxud hekayəti-Yusif şah” əsəri Azərbaycan ədəbiyyatında realist nəsrin ilk nümunəsi sayılır.
Əsərin məzmunu belədir: saray münəccimləri ulduzların toqquşacağını deyib şahın həyatına təhlükə olduğunu bildirirlər. Bu bədbəxtliyin qarşısını almaq üçün ulduzları aldatmağa qərar verilir: şah bir müddət taxtdan uzaqlaşdırılır, yerinə isə xalq arasından sadə biri – Yusif adlı bir yəhərçi (sərrac) “qurbanlıq” seçilir. Həmin şəxs qısa müddətdə ölkədə qayda-qanun yaradır, ədalətli iqtidar qurur. Lakin bu cür idarəçiliyə adətkərdə olmayanlar Yusifin hakimiyyətini hiddətlə qarşılayır, onu devirir və beləliklə, əvvəlki idarəetmə bərpa edilir.
Əslində isə, Axundovun “Aldanmış kəvakib” əsərinin süjeti heç də sadəcə yazıçı təxəyyülünün məhsulu deyil. Böyük yazıçı bu uzun hekayəni (povest) qələmə alarkən Səfəvilərin ən məşhur şahlarından olan I Abbasın (Şah Abbas) hakimiyyəti zamanı baş verən bir hadisədən ilhamlanıb.
Sərrac, yoxsa Tərkəşduz?
Tarixi qaynaqların yazdığına görə, Şah Abbasın hakimiyyətə gəlişinin 6‐cı ilində, 1593‐cü ildə qəribə hadisə baş vermişdi. Haqqında edam hökmü verilən Yusifi‐Tərkəşduz (və ya Yusif Sərrac) adlı bir nəfər cəmi üç günlüyə taxta çıxmış, sonra isə öldürülmüşdü. Bəs bu hadisənin səbəbi nə idi?
Məsələ belədir: I Abbasın saray münəccimləri ulduzların və digər göy cisimlərinin hərəkətini izləyərək bu nəticəyə gəlmişdilər ki, Səfəvi ölkəsinin başı üstündə qara buludlar dolaşır, məmləkətə böyük bir bəla üz verəcək və padşah öldürüləcək. O dövrün məşhur münəccimi Mövlana Cəlaləddin şahın hüzuruna gələrək söylədi ki, bu bədbəxt hadisə üç gün ərzində baş verəcək.
Saray adamları toplaşıb çıxış yolunu müzakirə eləməyə başladılar. Axırda belə qərara gəldilər ki, həmin üç gün müddətində şahın yerinə edama məhkum edilənlər arasından bir nəfəri taxta çıxarsınlar. Təklif qəbul edildi. Öncə taxta əyləşdiriləcək adamı seçmək üçün ölüm cəzasına məhkum edilənlər arasında püşk atıldı. Püşkdən Yusif Tərkəşduzun adı çıxdı. “Tərkəş” fars mənşəli “tirkeş” sözündəndir, “oxqabı” deməkdir. “Tərkəşduz” isə oxqabı düzəldən usta mənasına gəlir.
Bir sözlə, Axundovun Yusifi yəhərçi (sərrac) olduğu halda, onun ilhamlandığı hadisənin baş qəhrəmanı Yusif oxqabı düzəldən idi...
Şah Abbasın başına bəla olan məşhur dərviş...
Yusif Tərkəşduz qəzvinli Xosrovun müridlərindən idi. Eyni zamanda, mülhid (Allahı inkar edən, dinsiz) sayılırdı. Onun atası da babası kimi kənkan (su quyusu qazan) idi. Xosrov bir müddət atasına işlərində kömək eləmiş, sonralar isə dərvişliyə və qələndəriliyə (tərki‐dünyalığa) meyillənmiş, kəndləri, şəhərləri gəzib‐dolaşmağa başlamışdı. Bu səyahətlər zamanı nəqtəvi təriqətinin üzvləri ilə tanış olmuş, nəticədə həmin təriqətə maraq salmışdı. Sonra Qəzvinə dönərək məscidlərin birində guşənişin həyat keçirmiş, ətrafına xeyli dərviş yığmışdı.
Zaman keçdikcə Xosrovun şöhrəti hər tərəfə yayılmış, tərəfdarları çoxalmışdı. Nəhayət, bir gün onun adı Şah I Abbasın qulağına da çatmışdı. Xosrovu hüzuruna çağırtdıran hökmdar dərvişin fikirləri, məqsədləri ilə maraqlanmışdı. Cavabında Xosrov şiə məzhəbinə bağlı olduğunu, dinin xilafına heç bir iş görmədiyini, belə niyyətinin olmadığını söyləmişdi. Bundan sonra şah onu sərbəst buraxmış, ancaq qarşısında belə bir şərt qoymuşdu: Xosrov ətrafına adam toplamaqdan əl çəkməli idi!
Lakin I Abbasın xəbərdarlığına məhəl qoymayan Qəzvinli Xosrov gizli şəkildə öz işində idi. Nəticədə bir müddət sonra tərəfdarlarının sayı kəskin artan dərviş Qəzvində güc və nüfuz sahiblərindən birinə çevrilmişdi. I Abbas vəziyyəti belə görüb Xosrovu təqib etdirməyə başlamışdı. Adamlarına əmr eləmişdi ki, onu gözdən qoymasınlar, hər addımından xəbərdar olsunlar. Lakin bu da Qəzvinli Xosrovun öhdəsindən gəlmək üçün kifayət eləmədi. Axırda şah etibar etdiyi adamlarından birinə onu və tərəfdarlarını aradan götürməyi tapşırdı. Həmin vaxt Yusif Tərkəşduz da dərviş Xosrovun müridlərindən, onun alovlu müdafiəçilərindən biri idi.
Günlərin bir günü dərviş Xosrov bütün tərəfdarları ilə birlikdə həbs edildi. Onların çoxu, o cümlədən Yusif edama məhkum olundu.
Üçgünlük şah
Lakin onunla bağlı qərar münəccim Mövlanə Cəlaləddinin söylədikləri səbəbindən dəyişdirildi: zindandan çıxarıb şahın hüzuruna gətirildi. Şah məsələni ona anlatdı. Yusifin başına şahlıq tacı qoyuldu, əyninə gözəl libaslar geyindirildi. Ordunun bütün əmirləri və dövlət qulluqçuları onun əmrinə müntəzir oldu. Üç gün boyunca Yusifi gözəl bir atın belində təntənə ilə evdən divanxanaya, divanxanadan evə aparırdılar. Qəzvinli Xosrovun müridi görmədiyi günə düşmüşdü. Ömründə yemədiyi yeməklərdən yeyir, içmədiyi içkilərdən içir, həbsdə qaldığı günlərin ağrı‐acısını canından çıxarırdı.
Şah I Abbasa gəlincə, o həmin üç gündə inanıb güvəndiyi bir neçə nəfərlə gəzintiyə çıxdı, dövlət işləri ilə qətiyyən maraqlanmadı. Münəccimbaşı Mövlana Cəlaləddin isə qorxurdu ki, Yusif bütün bu baş verənlərə görə fərman çıxarıb onu öldürtdürə bilər. Buna görə də aradan çıxmışdı.
Beləliklə, 1593‐cü il avqustun 5‐də şah taxtına əyləşən Yusifin hökmdarlığı avqustun 8‐də başa çatdı. Saraya qayıdan I Abbas dedi: “Şəriətə görə bu adamın qətli, hakimiyyət sürmüş olsa belə, vacibdir. İki‐üç gündən sonra Yusifin başını kəsin!”. Şahın əmri yerinə yetirildi və Yusif Tərkəşduz edam olundu. Yusifin ardınca Qəzvinli Xosrov da “şəriət qayda‐qanunlarına əməl etmədiyinə” görə edam edildi...
Məqalə hazırlanarkən, əsasən, türkiyəli tarixçi Cihad Aydoğmuşoğlunun “Şah Abbas” (“Altun kitab” nəşriyyatı, Bakı – 2024) kitabından istifadə olunub.