Reklam
Reklam
Тема: Tarix
Тема: Orta əsrlər
Автор: Elnur Astanbəyli

Möminə xatun məqbərəsində kim dəfn olunub?

 

Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri sayılan Möminə xatun məqbərəsinin hündürlüyü vaxtilə təqribən 35 metrə çatıb. Lakin onun zəmanəmizədək gəlib çatan hissəsi 26 metrdir. Bürcvari Azərbaycan türbələrinin ən parlaq və misilsiz nümunəsi sayılan bu məqbərənin inşası 1186-cı ildə tamamlanmışdır. Məqbərə Azərbaycanın II böyük atabəyi Məhəmməd Cahan Pəhləvan tərəfindən tikilmişdir. İnşasının tamamlandığı il Cahan Pəhləvan vəfat etmişdir.

Memarlıq üzrə elmlər doktoru Cəfər Qiyasinin (1942) fikrincə, Cahan Pəhləvan məhz bu məqbərədə dəfn olunmuşdur. Lakin o, Cahan Pəhləvanın anası Möminə xatunun və atası Atabəy Şəmsəddin Eldənizin də burada dəfn olunduğu barədə heç nə yazmır (bax: Cəfər Qiyasi, Nizami dövrü memarlıq abidələri, “İşıq” nəşriyyatı, Bakı – 1991, səh. 95-99).

Məsələ burasındadır ki, Atabəylərin paytaxtı olan zaman Naxçıvanda nəhəng memarlıq kompleksinin əsası qoyulub. Kompleksə Atabəy hökmdarlarının sarayı, Divanxana, Naxçıvan Cümə Məscidi, Möminə xatun türbəsi, Mədrəsə, giriş baştağı və digər yardımçı binalar daxil idi. Dövrümüzə həmin kompleksdən yalnız Möminə xatun türbəsi çatmışdır.

Bir çoxları Möminə xatunun xatirəsinə ucaldıldığı üçün onun özünün də bu türbədə dəfn edildiyini düşünür. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Möminə Xatun məqbərəsi araşdırmalar işığında” adlı məqalə yazıb. Həmin məqalədə o, 1953-cü ildə türbədə aparılan qazıntılarda iştirak etmiş bir nəfərin – Ənvər Nəsir oğlu Bağırovun söylədiklərinə yer verib. Ə.Bağırov bildirir: “...o vaxtlar məqbərənin qapısı indiki yerdə, yeraltı sərdabənin giriş qapısı isə qərbdən idi. Sərdabəyə girəndə sütundan solda iki qoşa qəbir vardı. Üzəri minarənin tikildiyi kərpiclə örtülmüşdü”. Müəllifin fikrincə, “...qoşa məzarlar Möminə Xatunun və onun əri Şəmsəddin Eldəniz Atabəyin məzarları imiş”. İddialara görə, haqqında danışılan qazıntıların ardınca Möminə xatunun və Şəmsəddin Eldənizin nəşinin qalıqları Atabəylər dövlətinə aid bir çox arxiv sənədləri, kitablar, rəsmlər və s. ilə birgə Rusiyaya aparılıb. Onların hazırda Sankt-Peterburqdakı Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyində saxlanıldığı güman olunur.

Lakin bir çox tarixçilər tamamilə əks fikirdədirlər. Tanınmış araşdırmaçı Əkbər N.Nəcəf “Şəmsəddin Eldəniz” kitabında (“Altun kitab” nəşriyyatı, Bakı – 2024, səh. 144) yazır ki, Möminə xatun Həmədanda tikdirdiyi mədrəsədə əri Şəmsəddin Eldəniz ilə yanaşı torpağa tapşırılıb. Onların hər ikisi 1175-ci ildə vəfat ediblər. Öncə Möminə xatun, qısa müddət sonra Şəmsəddin Eldəniz həyata gözlərini yumub. Üstəlik, çox keçmədən Möminə xatunun əvvəlki əri Sultan II Toğruldan olan oğlu Arslanşah da xəstələnərək ölüb.

Əkbər N.Nəcəf hesab edir ki, onların hər üçünün cəmi dörd ay içində ölümü həmin vaxt Naxçıvan və ətraf bölgələrdə tüğyan edən vəba xəstəliyi ilə bağlı ola bilərdi.