1908-ci ilin axırlarında Məmməd Əmin Rəsulzadə çar hökuməti tərəfindən həbs olunacağını başa düşüb Bakını tərk etdi və Qacar dövlətinə (indiki İran) yola düşdü. O, burada da ictimai-siyasi fəaliyyətini dayandırmamışdı.
1910-cu ildə hələ Tehranda olarkən Rəsulzadə “Mühafizəkar və ya sosialist-mühafizəkar partiyaların tənqidi” əsərini qələmə almışdı. Elə əsəri yazdığı günlərdə Məmməd Əmin nə vaxtsa Bakıya dönəcəyi təqdirdə siyasi partiya yaratmaq fikrini qətiləşdirdi. Məsələ burasındadır ki, adıçəkilən əsərində o, istibdad zülmündən qurtulmaq üçün siyasi partiyaların önəmini xüsusi vurğulayır, Fransanın timsalında onların ölkə, xalq və demokratiya naminə fəaliyyətlərini nümunə kimi göstərirdi. İranda Seyid Həsən Tağızadə ilə birgə yaratdığı İran Demokrat Partiyasını da bu qəbildən hesab edirdi.
Rəsulzadənin fikrincə, siyasi partiya yaratmaq növbəsi artıq Bakıya çatmışdı.
İlk toplantı
1911-ci ildə Məmməd Əminin Qacar dövlətindəki mühacirət dövrü başa çatdı və Azərbaycana qayıtdı. O, Bakıya dönən kimi öz niyyətini əmisi oğlu və ideya dostu Məmməd Əli Rəsulzadə ilə bölüşdü. İki əmioğlu bu ideyanı ətraflı müzakirə etmək üçün ən etibarlı dostlarlarının siyahısını müəyyənləşdirdilər. İlk toplantıda cəmi 5 nəfər vardı. Onlardan biri Rəsulzadənin sonradan ömür boyu dostluq edəcəyi Abbasqulu Kazımzadə idi.
Qısa hal-əhvaldan sonra Məmməd Əmin birbaşa mətləbə keçdi. İranda Məşrutə hərəkatından, xalqın mübarizə əzmindən, inqilabi əhval-ruhiyyənin yaradılmasında və kütlənin idarə olunmasında siyasi partiyaların rolundan danışdı. Təbrizdə yaratdıqları İDP-nin fəaliyyətindən danışdı. “İndi biz burda da təxminən belə bir partiya təsis edib hərəkə keçməliyik” deyə sözünü tamamladı. Sonra da kiçik çantasından İDP-nin nizamnaməsini, quruluş sxemini və partiyanın rəsmi orqanı olan “İrane-nou” qəzetinin bir neçə nüsxəsini çıxarıb stolun üstünə qoydu.
Müzakirələr nəticəsində belə razılaşdılar ki, əvvəlcə partiya haqqında şifahi təbliğat aparılsın, bu təşəbbüsə reaksiyalar yoxlanılsın. Ardınca isə inanılmış adamlardan ibarət bir neçə çevik qrup yaradılsın, üzvlər bu qruplara cəlb edilsin. Payızadək müəyyənləşdirilmiş sayda tərəfdar toplandıqdan sonra partiyanın təsis yığıncağı keçirilsin və bu barədə qəzetlərə məlumat verilsin. Plana kimsə etiraz eləmədi. Onun icrası isə Məmməd Əli ilə Abbasqulu Kazımzadəyə tapşırıldı.
Bu görüşdən bir neçə gün sonra – 1911-ci il iyulun sonlarında Məmməd Əmin çar rejiminin təqibləri səbəbindən Bakını növbəti dəfə tərk etməli oldu. Bu dəfə o, İstanbula yola düşdü. Həmin vaxt Rəsulzadə iki səbəbə görə özünü daxilən rahat hiss edirdi: əvvəla – polisin əlinə keçmədən Bakıda bir müddət qala bilmiş, ikincisi – uzun müddətdir, zehnini məşğul edən Müsavat Partiyasının yaradılması istiqamətində ilk addımların atılmasına nail olmuşdu.
Bakıdan İstanbula müjdəli xəbər
İstanbulda olarkən Rəsulzadə müntəzəm şəkildə əmisi oğlu Məmməd Əli ilə məktublaşırdı. Məmməd Əlidən gələn növbəti məktub Rəsulzadəni çox sevindirdi. Məlum oldu ki, dostları və məsləkdaşları artıq Müsavat Partiyasını təsis ediblər. Məmməd Əlinin yazdığına görə, uzun görüş və məşvərətlərdən sonra, 1911-ci ilin oktyabrında çar xəfiyyələrinin duyuq düşməyəcəyi şəkildə, etibarlı bir məkanda – Abbasqulu Kazımzadənin evində Müsavatın əsası qoyulub. Təsisçi qismində onunla yanaşı Tağı Nağıoğlu və ev sahibi çıxış etmiş, təşkilata isə “Müsəlman Demokratik Partiyası – Müsavat” adı verilmişdi. İlk toplantıda iştirak edən bir neçə nəfər, o cümlədən, Vəli Mikayıloğlu, Seyid Hüseyn Sadıq, Əbdürrəhim bəy, Yusif Ziya bəy, Seyid Musəvi elə oradaca partiyaya üzv olmuşdular.
İlk dövrlərdə gizli fəaliyyət göstərən müsavatçılar çarizm əleyhinə inqilabi mübarizə aparmaqla yanaşı türk və müsəlman həmrəyliyi ideyalarını da yayırdılar. Bu məqsədlə gizli intibahnamələr çap edir və əlaqədə olduqları siyasi təşkilatlara çatdırırdılar. Xüsusilə Rusiya əleyhinə yazılan və Osmanlını müsəlmanların köməyinə çağıran bəyannamələr çar hökumətini ciddi təşvişə saldı. Müsavatçı Yusif Ziya belə bəyannamələrdən birini İstanbula çatdırmış və həmin sənəd Rəsulzadənin dəstəyi ilə “Səbilür-rəşad” məcmuəsinin 33-cü sayında (1912) çap edilmişdi.
Bundan sonra polis müsavatçıların izinə düşdü. Məmməd Əlinin evində axtarış aparmış, lakin heç nə tapmamışdı.
Beləliklə, 1911-ci ilin oktyabrında siyasi səhnəyə daxil olan Müsavat Partiyası öz ətrafına həmin dövrün mütərəqqi ziyalılarını toplamağı bacardı və Azərbaycan Cümhuriyyətinin elan edilməsi ilə nəticələnən azadlıq hərəkatının aparıcı qüvvəsinə çevrildi.
Mənbə: Qulu Məhərrəmli. Məmməd Əmin Rəsulzadə. "Altun kitab” nəşriyyatı, Bakı-2023