Reklam
Reklam
Тема: Tarix
Тема: Orta əsrlər
Автор: Elnur Astanbəyli

Nəimini Şirvanşah I İbrahim edam etdirib?

 

Monqol tayfaları olan Çobanilərin və Cəlairilərin yarıtmaz idarəçiliyi Azərbaycanda ciddi narazılıqlara səbəb olmuş, yerli xalqın bu zülmə qarşı mübarizəsi isə dini müxalifət şəklində təzahür etməyə başlamışdı. Söhbət hürufilikdən gedir. Hürufilər Teymurlulara və feodal özbaşınalığına qarşı inadlı, barışmaz mübarizə aparırdılar.

Hürufilik təliminin banisi Məhəmməd Təbrizinin oğlu Fəzlullah Nəimi idi. Bu təlimin ardıcılları Əmir Teymurla yanaşı, onun müttəfiqi olan Şirvanşah I İbrahimə qarşı da çıxırdılar. Fəzlullahın ölüm tarixi, səbəbi və kimin tərəfindən öldürüldüyü barədə qaynaqlarda rast gəldiyimiz məlumatlar olduqca ziddiyyətlidir. Müridlərinin yazdıqlarına inansaq, Fəzlullah 1394-cü il avqustun 28-də edam edilib. Bundan başqa, hürufi mənbələrində Fəzlullahın Şamaxıda həbs olunaraq Naxçıvana aparıldığı və orada edam edildiyi vurğulanır. 

Fəzlullah dövrünə ən yaxın mənbə hesab olunan “Şərhi-Mukrizi”də şeyxin ölüm fərmanının Şirvanşah I İbrahim tərəfindən verildiyi yazılır. Tarixçi Əkbər Nəcəfin tədqiqatlarına görə də Fəzlullahın öldürülməsi haqqında fətva verən və tətbiq edən hökmdar məhz Şirvanşah I İbrahim olmuşdur. Fəzlullahın Naxçıvanda, Əlincə qalası yaxınlığında mühakimə və edam olunduğuna dair məlumatlar mövcuddur. Lakin ortada Fəzlullahın öldürülməsi haqqında heç bir şəri hökm (şəriət hökmü) yoxdur. Əgər Nəimi ilə bağlı, həqiqətən də, şəriət məhkəməsi qurulsaydı, mənbələrdə bu barədə, kiçik də olsa, məlumata rast gəlinərdi.

Bəzi mənbələrdə Fəzlullahla bağlı ölüm fətvasını Əli Simai Əstərabadi adlı bir şəxsin verdiyi iddia edilir. Lakin həmin məlumat da inandırıcı deyil, çünki adıçəkilən şəxs din adamı deyildi, bir az da dəqiqləşdirsək, Teymurlu elçisi idi, deməli, şəri hökm verə bilməzdi.

İslam tarixində “Mehdilik” və “Allahlıq” iddiasına düşdükləri əsas gətirilərək şəriətin hökmü ilə edam olunan şəxslərin hamısı uzunmüddətli məhkəmə prosesindən keçiblər. Hətta Həllac Mənsur və ya Şeyx Bədrəddinin məhkəmələri zamanı şəriət alimləri arasında onları dini nöqteyi-nəzərdən günahkar saymayanlar, öldürülmələrinə razılıq verməyənlər tapılıb. Elə buna görə də adları çəkilən şəxslərin edam hökmü şəri hüquqa görə deyil, örfi (ənənəvi, dövlət) hüququna görə verilib və icra edilib.

Fəzlullahla bağlı şəriət məhkəməsinin qurulmadığını isbat edən başqa dəlillər də var. Bunlardan ən önəmlisi onun müasiri olan din alimlərinin əsərlərində Nəiminin fikirlərinə dair hər hansı qeydə, məlumata rast gəlinməməsidir. Digər tərəfdən, tarixçi Əkbər N.Nəcəfin yazdığı kimi, Fəzlullahın uluhiyyətini (allahlığını) elan etdiyi tarixlə edam olunduğu tarix arasında vur-tut 8 il var. Bu qədər qısa müddətdə din alimlərinin (xüsusən də Səmərqənd üləmalarının) Nəimi tərəfindən irəli sürülən fikirlərə bələd olması mümkün görünmür. Üstəlik, Fəzlullah öz əsərlərini gorani (gürgan və ya qorqan) dilində yazırdı, həmin dövrün üləmaları isə, çətin ki, bu dildə oxuya biləydilər. Digər tərəfdən, Fəzlullahın kitablarına onun müridlərindən savayı, kimsə bələd deyildi. Və nəhayət, dövrünün din alimləri, əslində, Fəzlullaha hörmət və ehtiramla yanaşıblar. Əmir Teymur tərəfindən hakimiyyətinə son qoyulan Müzəffərəddinlər hökmdarı Şah Şüca hətta Nəimiyə fiqh əsəri belə yazdırmışdı. Bütün bunları nəzərə aldıqda Nəiminin edamı barədə şəri hökm verildiyinə inanmaq olmur.

Bundan başqa, Fəzlullahın edam edildiyi tarixdə müridlərinin sayı təxminən 400 nəfər idi. Bu qədər az sayda bir kütlənin Əmir Teymur üçün təhlükə ərz etdiyini düşünmək sadəlövhlük olardı. Belə olduqda isə Nəimini məhz onun öldürtdüyü ehtimalı da müəyyən qədər aradan qalxır.

Tarix üzrə fəlsəfə doktoru Samir Həsənovun fikrincə, ən ağlabatan versiya odur ki, Fəzlullahın edamı şəriət hökmü ilə deyil, örfü hüquqa (siyasətə) əsasən gerçəkləşib və bu barədə  Şirvanşah Şeyx I İbrahim tərəfindən fərman verilib. Yeri gəlmişkən, Nəiminin edamı barədə də məlumatlar şişirdilib, belə məlumatların əksinə, Fəzlullah boynu vurularaq edam olunub. Sonradan onun müridləri belə iddia irəli sürüblər ki, Nəiminin meyiti atın quyruğuna bağlanaraq ibrəti-aləm olsun deyə Naxçıvan şəhərinin küçələrində sürüdülüb. Halbuki bunun üçün şeyxin nəşi əvvəlcə Əlincədən Naxçıvana aparılmalı, sonra yenidən onun müridləri tərəfindən Əlincəyə gətirilməli idi. Halbuki Nəimi edam olunduqdan sonra onun meyiti dəfn edilməsi üçün müridlərinə verilib. Müasir avropalı tarixçilərdən bəziləri isə edamdan altı il sonra (1401–1402-ci illərdə) şeyxin nəşinin qəbirdən çıxarıldığını və yandırıldığını yazır. Başqa bir iddiaya görə, edamından altı il sonra Fəzlullahın qəbri, həqiqətən, açılıb, lakin nəşi yandırılmayıb və başqa bir yerə nəql olunub. Lakin bütün bu iddiaları təsdiqləyən mötəbər dəlillər yoxdur.

Fəzlullahın şəriət hökmü ilə öldürülmədiyini nəzərə alsaq, onun edamının dini yox, siyasi mahiyyət kəsb etdiyini düşünmək mümkündür. Lakin mənbələrdə bu barədə qeydlərə rast gəlmirik.

Tarixçi Samir Həsənovun fikrincə, Nəiminin edamına gətirib çıxara biləcək iki siyasi səbəbin varlığından danışmaq mümkündür. Birincisi, Fəzlullah həm Əmir Teymur, həm də Şirvanşah Şeyx I İbrahimin düşmənləri ilə güclü əlaqələrə malik idi. Belə ki, şeyxin Cəlairi, Müzəffəri, Qızıl Orda və Qaraqoyunlu əmirləri ilə yaxın münasibətlərə sahib olduğu bəllidir. Bu isə Teymuru və onun müttəfiqi olan şirvanşahı qıcıqlandıra bilərdi. İkinci səbəb kimi Fəzlullah ilə Qızıl Orda xanı Toxtamış arasındakı gizli münasibəti göstərmək olar. Belə ki, Şamaxıda olarkən Fəzlullahın bir yuxu gördüyü və həmin yuxudan sonra Toxtamışın qızı ilə evlənmək istədiyi iddia edilir. Qaynaqlarda yuxu məsələsinin detalları açıqlanmır. Lakin şərqşünas Helmut Ritter və Ş.Bəşir öz əsərlərində Fəzlullahın dini missiyasını bu qohumluq sayəsində siyasi hərəkata çevirmək istədiyinə işarə vururlar. Bunu Nəimi və müridlərinin siyasi məzmunlu yuxular gördüyünə dair sonrakı məlumatlar da təsdiqləyir. Belə ki, bəzi qaynaqlar hürufi şeyxinin və müridlərinin öz yuxularında “əli qılınclı Əli tərəfdarları”nı görmələrindən bəhs edirlər.

Əkbər N.Nəcəfin yazdığı kimi, Əmir Teymura qarşı Cəlairilər, Qaraqoyunlular və Qızıl Orda arasında gizli danışıqların olduğu məlumdur. Şirvanın mərkəzi Şamaxıda Qızıl Orda xanı Toxtamışın kürəkəni sifəti ilə Fəzlullahın ortaya çıxması hər şeydən əvvəl Şirvanşah Şeyx I İbrahimi narahat etməli idi. Belə aydınlaşır ki, Nəimini aradan götürməyə qərar verən şirvanşah bu məsələdə Əmir Teymurun da icazəsini alıb. Fəzlullahın Əlincəyə aparılıb orada edam edilməsi faktı bunu təsdiqləyir. Çünki həmin vaxt Əlincədə vuruşanlar Cəlairilər idi. Burada bir məsələ də diqqəti cəlb edir: həbsə atılaraq edam olunduğu zaman Nəimi buna əsla etirazını bildirməyib, haqqı çatdığı halda, məhkəmə keçirilməsini istəməyib. Görünür, hadisənin siyasi mahiyyəti Fəzlullaha məlum idi və hər hansı etirazın mənasızlığını yaxşı bilirdi.

Fəzlullah Nəimi edam olunarkən 56 yaşında idi. Müridləri onun qəbrinin Naxçıvan–Culfa yolu üstündəki yüksək bir təpədə olduğunu iddia edirlər. Həmin təpənin Əlincə qalası yaxınlığında yerləşdiyi bildirilir. Lakin bəzi hürufi mənbələrində qəbrin Təbriz ilə Əstərabad arasındakı Əlincə adlı bir qəsəbədə olduğu yazılıb. Türkiyədə Əli Əmiri kitabxanasının farsca əlyazmalar şöbəsində yer alan anonim bir risalədə Nəiminin qəbri yanında daha iki qəbrin varlığından danışılır. Belə anlaşılır ki, həmin qəbirlərdən biri Nəiminin ən böyük müridlərindən Əliyyül-Əlaya, digəri isə  naməlum bir hürufiyə aiddir. Risalədə Nəiminin qəbrinin qara, Əliyyül-Əlanın qəbrinin yaşıl, naməlum hürufiyə aid edilən qəbrin də qırmızı daşdan hörüldüyü vurğulanır.

 

 

Material hazırlanarkən tarixçi Əkbər Nəcəfin “Nəiminin əsl qatili kim olub?” məqaləsindən (modern.az, 2013) və tarix üzrə fəlsəfə doktoru Samir Həsənovun “Şirvanşah I İbrahim” kitabından (“Altun kitab” nəşriyyatı, Bakı, 2025) istifadə olunmuşdur.