Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Punktuasiya
The author: Rafiq İsmayılov

O, bu əvəzliklərindən sonra vergülün işlənməsi

“O, bu” əvəzliklərindən sonra vergülün əsas vəzifəsi cümlədə ikimənalılığa yol verməmək, şifahi nitqdəki intonasiyanı (pauzanı) yazıda əyaniləşdirməkdir. Ancaq biz bu sadə vəzifəni o qədər qrammatik qaydalarla yükləmişik ki, onun öhdəsindən yalnız dilçilər gələ bilir.

 

1. O, bu əvəzlikləri cümlədə subyekt rolunda olduqda onlardan sonra vergül qoyula bilər.

(“Subyekt” dedikdə yalnız mübtəda deyil, həm də feili tərkibin subyekti nəzərdə tutulur.)

• O, səhnəyə çıxıb oxumağa başladı. (mübtəda)

• O, səhnəyə çıxanda hamı əl çaldı. (feili tərkibin subyekti)

 

2. Subyekt rolunda olan o, bu əvəzliklərindən sonra isim, sifət, feili sifət, say, zərf gəldikdə əvəzlikdən sonra vergül qoyulur, çünki bu halda cümlədə ikimənalılıq  yarana bilər:

• Bu uşağın oyuncağıdır. (Oyuncaq bu uşağındır.)

• Bu, uşağın oyuncağıdır. (Bu oyuncaq uşağındır.)

• O, qoca ovçu ilə dostluq edirdi.

• O qoca, ovçu ilə dostluq edirdi.

Qeyd: Nə üçün feilin qrammatik formalarından yalnız feili sifət? - Çünki bu halda da ikimənalılıq yarana bilər.

• Bu, dediyim layihənin bir hissəsidir. (mübtəda)

• Bu dediyim, layihənin bir hissəsidir. (təyin)

 

3. O, bu əvəzliklərindən sonra digər nitq hissələri – əvəzlik, feilin müxtəlif qrammatik formaları (feili sifətdən başqa), köməkçi nitq hissələri gələndə bu əvəzliklərin sintaktik funksiyası, yəni mübtəda olduğu aşkar görünür və vergülə ehtiyac qalmır, çünki bu halda vergül cümlənin asan qavranılmasına heç nə ilə kömək etmir.

Qeyd: Modal sözdən əvvəl gələn o, bu əvəzliklərindən sonra vergülün işlənməsi istisna deyil. Sadəcə, burada başqa qayda tətbiq olunur: ara sözlər cümlədə vergüllə ayrılır.

 

4. O, bu əvəzliklərindən sonra gələn söz mürəkkəb və ya frazeoloji feil tərkibindədirsə, adətən, vergül qoyulmur:

• O başa düşdü ki, səhv eləyib.

• O çıxış etmək üçün səhnəyə qalxdı.

Qeyd: Bir neçə sözdən ibarət frazeoloji ifadələrdən əvvəl bəzən vergüldən istifadə edilir:

• O, iki ayağını bir başmağa dirədi ki, mən də getməliyəm.

• O, bir ağacda oturub min budağı silkələyir.

 

5. O, bu əvəzliklərindən sonra gələn sözlərin qrammatik omonimliyinə diqqət yetirmək lazımdır.

• O, çox (say) kitab oxuyub.

• O çox (ədat) maraqlı insandır.

 

Bu qədər qaydanın əvəzinə bir təməl prinsipi saxlamaq olardı: “O, BU” ƏVƏZLİYİ CÜMLƏDƏ SUBYEKT VƏZİFƏSİNDƏ OLANDA VERGÜL QOYULUR. Amma, təəssüf ki, orta məktəb dərsliklərinin elmi kitablarda təsbit olunmuş qaydaları sadələşdirmək səlahiyyəti yoxdur.

 

Qaynaq: Rafiq İsmayılov. Düzgün yazaq (Bakı, Altun Kitab. 2022)