Reklam
Reklam
Mövzu: Tarix
Alt Mövzu: Ən yeni dövr
Müəllif: Elnur Astanbəyli

Pişəvərinin ölümü: qəza, yoxsa sui-qəsd?

 

Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Güney Azərbaycanda qurulan Azərbaycan milli hökuməti 1946-cı ilin dekabrında süquta uğradı. Bundan sonra, 1947-ci ildən etibarən Pişəvəri və onun bəzi silahdaşları SSRİ-yə, Sovet Azərbaycanına köçmək məcburiyyətində qaldılar. Cəmi bir neçə ay sonra, 1947-ci ilin iyununda isə Pişəvəri avtomobil qəzasında həlak oldu. Həmin vaxtdan bir sual çoxlarını düşündürür: bu, adi qəza, yoxsa Seyid Cəfərə sui-qəsd idi? 

Pişəvəri və Güney Azərbaycan demokratik hərəkatının liderləri Bakıda yerləşdikdən sonra yaranmış vəziyyətlə bağlı fəaliyyət proqramı haqqında təkliflərini hazırlayıb Sovet Azərbaycanının rəhbərlərinə verdilər. Onlar təklif edirdilər ki, mühacirət şəraitində Güney Azərbaycanın demokratik hərəkatının aparıcı qüvvəsinin – Azərbaycan Demokrat Firqəsinin (ADF) işini yenidən qurmaq üçün partiyanın 5-7 nəfərdən ibarət Xarici Bürosunu və ya Xarici Komitəsini yaratmaq yaxşı olardı. Bu büro və ya komitə Sovet tərəfinin müəyyənləşdirdiyi yerdə gizli fəaliyyət göstərməli idi. Komitə firqəyə sədaqətini qoruyub saxlamış əqidəli adamları öz ətrafında birləşdirib daimi fəaliyyət göstərən gizli bir təşkilata çevrilməli, Sovet Azərbaycanına mühacirət etmiş fəal adamları hazırlayıb siyasi iş üçün İrana göndərməli idi. Siyasi təbliğat materialları və tarixi ədəbiyyat nəşr edib gizli şəkildə Güney Azərbaycanda və digər yerlərdə yaymaq da komitə, yaxud büronun fəaliyyət sahəsinə daxil olacaqdı. İrana proqramlar yayan radiostansiyanın işinə rəhbərlik etmək də komitənin öhdəsinə verilirdi. Təklif müəlliflərinin fikrincə, irtica Güney Azərbaycanda öz azğınlığını dayandırmasa, SSRİ-yə mühacirət etmiş fədailərdən ibarət “Zərbə qrupları”nın yaradılması və onların Güney Azərbaycana göndərilməsi zəruridir. Nəhayət, onlar Güney Azərbaycanda qalmış demokratlara, irticaya qarşı mübarizədə həlak olmuş fəalların və Sovetlərə mühacirət edənlərin ailələrinə maddi yardım göstərmək üçün Təbrizdə gizli partiya fondunun yaradılmasını vacib sayırdılar.

Xarici büronun digər vəzifəsi xalqın və partiya üzvlərinin arasında siyasi tərbiyə işini genişləndirib onları mübarizəyə hazırlamaq idi. Bu məqsədlə büro milli siyasi ədəbiyyatının yaradılmasını, həftədə iki dəfə “Azərbaycan” qəzetinin, ayda iki dəfə “Azərbaycan” jurnalının nəşrini əhəmiyyətli hesab edirdi. Sonda onlar bildirirdilər ki, bütün bu tədbirlər Sovet Azərbaycanının təcrübəsi və köməyindən yararlanmaqla həyata keçirilə bilər.

 

Gizli və məkrli plan

Pişəvəri və silahdaşlarının hazırladığı fəaliyyət proqramı 1947-ci ilin martında Sovet Azərbaycanının ovaxtkı rəhbəri Mir Cəfər Bağırov tərəfindən Moskvaya, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Vyaçeslav Molotova göndərildi.

Bundan başqa, Bakıya gəldikdən sonra Pişəvəri bir neçə dəfə yüksək vəzifəli Sovet rəhbərlərinə öz vədlərini xatırlatmışdı. Həmin vədlərə görə, Güney Azərbaycan mühacirləri Sovet Azərbaycanına müvəqqəti olaraq gəlmişdilər. Əlverişli məqam yetişən kimi onlar Cənuba qayıtmalı idilər.

Bütün bu təkliflər və tələblər, eləcə də həm Tehrandan, həm də Təbrizdən onun əleyhinə diplomatik kanallarla göndərilən materiallar Pişəvəriyə baha başa gəldi. Onu sakitləşdirmək məqsədilə 1947-ci ilin mayında guya fədailərin Cənubi Azərbaycana göndərilməsini təşkil etmək üçün xüsusi gizli komitə yaradıldı. Yeddi nəfərlik gizli komitədə (“Yeddilik”) heç kəs öz adı ilə fəaliyyət göstərmirdi. Orada Pişəvəri “Saib”, Kambəxş “Qudarz”, Qulam Yəhya “Ərbabzadə”, Qasimi “Cəlili”, Qureyşi “Hicazi”, Ənsari “Mühacir” gizli adları ilə təmsil olunurdular. Komitə üzvləri belə qərarlaşdırmışdılar ki, bütün sənəd və yazılarda öz adlarından yox, gizli adlardan istifadə edilsin. 

İlk növbədə İrana göndərmək üçün hər biri 75 nəfərdən ibarət 3 süvari dəstəsi hazırlanacaqdı. Dəstə üzvləri seçilərkən yerli şəraiti bilənlərə və yaxın qohumları İran irticası tərəfindən öldürülmüş şəxslərə üstünlük verilirdi. Hərbi hazırlıq keçmələri üçün onların Nuxa (Şəki) və Hacıkənddə yerləşdirilməsi uyğun bilinmişdi. Ərbabzadə – Qulam Yəhya iyunun 2-dən gec olmayaraq gedib həmin düşərgələri fədailərin gəlişi üçün hazırlamalı və bütün dəstələr təlimatı yalnız ondan almalı idilər. Bakı Hərbi Məktəbində oxuyan bir neçə etibarlı şəxsin də dəstələrin tərkibinə daxil edilməsi məqsədəuyğun sayılmışdı. Partizan dəstələri üçün adamların seçilməsi Saib (Pişəvəri) və Ərbabzadəyə (Qulam Yəhya) tapşırılmışdı.

Saibin sədrliyi ilə iyunun 23-də “Yeddiliyin” toplantısı keçirildi və hədəflər daha da dəqiqləşdirildi. Dəstələrdən birinin iyulun 2-də, digərinin isə iyulun 4-də yola salınması planlaşdırıldı. İyulun 2-nə qədər “Yeddilik” bütün hazırlıq işlərini başa çatdırmalı idi.

Əslində, o qədər də böyük olmayan bu dəstələrlə İran ordusu, polisi və jandarmının möhkəmləndiyi Cənubi Azərbaycanda nəyəsə nail olmaq real deyildi. Lakin az sonra aydınlaşdı ki, bütün bu “hazırlıq” işləri İranda partizan hərəkatı aparmaq üçün deyil, Moskvanın tapşırığı ilə Pişəvərini aradan götürmək üçün lazımdır.

 

İyulun 3-də Yevlax–Gəncə yolunun 14-cü kilometrində Pişəvərinin maşını qəzaya “düşdü”. Bir neçə saat sonra o, Yevlax Rayon Mərkəzi Xəstəxanasında vəfat etdi. Pişəvərinin Bakıda dəfn olunmasına icazə verilmədi. Milli hərəkat liderini səssiz-küysüz, gecənin bir vaxtı Buzovnadakı Vərəm Əleyhinə Dispanserin həyətində basdırdılar. Hətta başdaşı belə qoymağa razılıq verilmədi. Məzarın itməsi üçün üzərində gül əkdilər. Yalnız 1959-cu ilin dekabrında Azərbaycan və Kürd Demokrat partiyalarının birgə müraciətindən bir neçə ay sonra – 1960-cı ilin mart ayında, Azərbaycanda Sovet Hakimiyyətinin 40 illiyi ərəfəsində Pişəvərinin cəsədinin qalıqlarını gətirib Fəxri Xiyabanda yenidən dəfn etdilər.

 

Mir Cəfər Bağırovun məhkəmə etirafı

Pişəvərinin vəfatından sonra bir müddət “Yeddiliyin” toplantıları keçirilmədi. Yalnız iki ay sonra – avqustun 23-də keçirilən iclasda Pişəvərinin partiya vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında vəfat etdiyi bildirildi və onun keçdiyi həyat yolu haqqında qısa məlumat verildi. Toplantıda Pişəvərinin əvəzinə Sadıq Badeqan (gizli adı ilə “Səbri”) “Yeddiliyə” əlavə edildi. Lakin bir neçə toplantıdan sonra “Yeddilik” buraxıldı. Bu isə hər şeyin, əslində, Pişəvərinin aradan götürülməsi üçün planlaşdırıldığını təsdiqləyir. Plan baş tutmuşdu və gizli komitəyə ehtiyac qalmamışdı...

1956-cı ildə Bakıda keçirilən Mir Cəfər Bağırovun məhkəməsində Pişəvərinin müəmmalı ölümü gündəmə gəldi. Belə ki, Bağırova qarşı irəli sürülən ittihamlardan biri məhz bu hadisə ilə bağlı idi. Hətta son anlarında Yevlax xəstəxanasında Pişəvərinin yanında olmuş DTK rayon şöbəsinin rəisi Lətif Salahov şahid kimi istintaqa cəlb edilmiş və ondan ifadə alınmışdı. Məhkəmə prosesində isə dövlət ittihamçısı Pişəvərinin ölümünə dair Bağırova yönəldilən suala qısaca cavab verdi: “Bu barədə Moskvadakı yoldaşlardan soruşun”. Lakin Bağırov son sözündə Pişəvərinin məhz Stalinin tapşırığı ilə sui-qəsd nəticəsində öldürüldüyünü etiraf etdi.

 

 

Mənbə: Cəmil Həsənli. Seyid Cəfər Pişəvəri. “Altun kitab” nəşriyyatı, Bakı-2025