Reklam
Reklam
Mövzu: Dilçilik
Alt Mövzu: Punktuasiya
Müəllif: Rafiq İsmayılov

Qoşa nöqtə (:)

 

Qoşa nöqtə və ya iki nöqtə yazıda geniş istifadə olunan çoxfunksiyalı işarədir. 

Riyaziyyatda bölmə əməlinin işarəsi kimi istifadə olunur:

12 : 4 = 3

Şahmatda fiqurların gedişini göstərmək üçün istifadə olunur: 

4.(4-cü gediş) F (Fil) e3 : h6

İdman yarışlarında rəqiblərin (rəqib komandaların) xal göstəriciləri arasında işlədilir:

Real – İnter komandalarının görüşü 3:2 hesabı ilə bitdi.

Saat, dəqiqə, saniyə bildirən rəqəmlər arasında işlədilir:

Film 22:15-də başlayacaq.

Fonetikada (transkripsiyada) saitlərin uzun tələffüz olunduğunu göstərir:

[e:lan]

Bizim üçün, sözsüz, qoşa nöqtənin müxtəlif sintaktik konstruksiyalarda işlənmə qaydaları maraqlıdır.

 

Həmcins üzvlərdən əvvəl gələn ümumiləşdirici sözdən sonra:

  • Kəndin sakinləri: qocalar, qadınlar, uşaqlar əsgərləri qarşılamağa çıxmışdılar.

Həmcins üzvlər ümumiləşdirici sözdən ayrılıb (parselyasiya) cümlədən sonra da gələ bilər:

  • Ötən illərdə olub-keçənlər yadına düşdü: qatarla İtaliyaya səyahət, qəzetlərdə gurultulu bəyanatlar, Milan küçələrində tək‐tənha gəzintilər.
  • İnsanlar üç cür olur: görənlər, göstərəndə görənlər və görməyənlər.

 

Aydınlaşdırma əlaqəli mürəkkəb cümlənin tərkib hissələri arasında: 

  • Uşaqlar qəti qərara gəldilər: təmir işləri bir aya qurtarmalıdır. 
  • İntəhası bir şərtim var: gərək başqalarının xoş münasibəti səni arxayınlaşdırmasın.

Bax: Mürəkkəb cümlə komponentləri arasında durğu işarələri: qoşa nöqtə, t­i­­re, nöqtəli vergül

 

Vasitəsiz nitqli cümlələrdə müəllifin sözündən sonra:

  • Atalar deyib: “Güc birlikdədir”.
  • Aslan kişi soruşdu:

   – Yaxşı, ay Pənahəli xan, bundan sonra günümüz necə olacaq? (F.Kərimzadə)

Bax: Vasitəsiz nitqdə və dialoqlarda durğu işarələri: qoşa nöqtə, tire, dırnaq, nöqtə, vergül

 

Rəsmi sənədlərin sonunda “imza” sözündən və ya vəzifə bildirən sözdən sonra:

  • İmza:                            Anar Məmmədov
  • Məktəbin direktoru:     Əhməd Əliyev

 

Məktubun sonunda:

  • Ən xoş arzularla: ...
  • Dərin hörmətlə: ...

(Bu ifadələrdən sonra vergül də qoyula bilər.)

 

Başlıq və altbaşlıq arasında:

  • ÖLKƏDƏ KİTAB SEKTORU: VƏZİYYƏTİ NECƏ DƏYİŞƏK? 

 

Lüğətlərdə və elmi ədəbiyyatda yönəldici xarakter daşıyan və ya istinad məqsədilə işlədilən bax, həmçinin bax sözlərindən sonra:

  • İnformasiya qaynağı – bax: mənbə.
  • İnternet informasiya ehtiyatları – internet informasiya sistemlərində möv­cud olan sənədləşdirilmiş informasiyaların məcmusu. Həmçinin bax: informasiya sistemi.

 

Cümlənin ikinci hissəsində fikirlər sadalandıqda:

  • Lakin tədris ədəbiyyatının analizi göstərir ki:

– vəsaitlər müasir təhsil standartlarına cavab vermir;

– bu sahədə konseptual yanaşma sərgilənmir;

– müəllimlər bu vəsaitlərin düzgün seçimində çətinlik çəkirlər.

  • Mütaliə şagirdlərin:

– oxu bacarığını inkişaf etdirir;

– erudisiyasını genişləndirir;

– tənqidi təfəkkürünü formalaşdırır;

– söz ehtiyatını zənginləşdirir.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.