Reklam
Reklam
Mövzu: Dilçilik
Alt Mövzu: Punktuasiya
Müəllif: Rafiq İsmayılov

Qoşulma konstruksiyalar: tire, nöqtə, üç nöqtə

 

Qoşulma konstruksiya cümləyə əlavə edilən, semantik baxımdan onu tamamlayan, zənginləşdirən söz(lər) və ya söz birləşmələridir.

  • Bu filmdə Çaplini öz ənənəvi geyimində görmək olar – dar pencək, enli şalvar, yöndəmsiz ayaqqabı.
  • Şəkil çox məzəli alındı: hirsli prezident və yanında iri qulaqları olan qəhvəyi rəngli kiçik ayı balası.

Qoşulma konstruksiya bədii-sintaktik üsuldur, üslubi fiqurdur. Əksər hallarda belə konstruksiyaları cümlədən ayırmadan öz sintaktik pozisiyasında da işlətmək olar. Lakin müəllif həmin ifadəni cümlədən ayırır ki, onun əhəmiyyətini vurğulasın.

Müqayisə et:

  • Mağazadan çıxanda Vüqarı gördüm – qonşumuzun oğlunu.
  • Mağazadan çıxanda Vüqarı – qonşumuzun oğlunu gördüm.

 

  • Beləliklə, o, dostunu tərk edir; həm məcazi, həm də həqiqi mənada.
  • Beləliklə, o, dostunu həm məcazi, həm də həqiqi mənada tərk edir.

 

Cümlə ilə qoşulma konstruksiya arasında durğu işarəsinin işlənməsində müəyyən sərbəstlik var. Bu, müəllifin nəzərdə tutduğu intonasiyadan və sintaktik konstruksiyalar arasındakı semantik əlaqədən asılıdır.

Konstruksiya cümlədəki hər hansı üzvün əlavəsi kimi qoşulduqda, əsasən, tire işarəsindən istifadə olunur. Müqayisə et:

  • 1904‐cü ilin mayında isə onların oğlu dünyaya gəlir – Hans Albert.
  • 1904‐cü ilin mayında isə onların oğlu – Hans Albert dünyaya gəlir.

 

Sadalanan sözlər şəklində olan konstruksiya cümlədəki ümumiləşdirici sözlə bağlı olur. Bu zaman, əsasən, qoşa nöqtədən istifadə olunur:

  • Bəzi şeylər var ki, istər-istəməz məni özümdən çıxarır: yalan, axmaqlıq, ədalətsizlik.

 

Müəllif əlavə edilən ifadənin vacibliyini, əhəmiyyətini vurğulamaq istəyir. Bu zaman nöqtə, nöqtəli vergül, üç nöqtə işarələrindən istifadə olunur:

  • Kəşfiyyatdan qayıdanlar bir-bir komandirin otağına daxil oldular... Gizir Rəhimlidən başqa.
  • Aygün səhnəyə çıxıb oxumağa başladı. Özü də necə!
  • Onlar qayıqda üç nəfər idilər; bir də Adilin sevimli iti Aqbay.

 

Qoşulma konstruksiya cümlə şəklində də ola bilər:

  • O, avtobusda pul kisəsi tapıb, bəlkə də, oğurlayıb – dəqiq məlum deyil.
  • Dünyanın qurtaracağında imiş bu kənd – get ki gedəsən.

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.