Xalq ədəbiyyatında şahların təğyir-libas olub, camaat arasına çıxması barədə rəvayətlərə çox rast gəlinir. Təğyir – ərəbcədən tərcümədə “dəyişmə, dəyişdirmə” deməkdir. Buradan da göründüyü kimi, təğyir-libas – paltarını, geyimini dəyişmək, dəyişdirmək anlamına gəlir.
Şahlar təğyir-libas olaraq paytaxtın küçələrinə, meydanlarına, bazarlarına çıxaraq, yaxud əyalətləri dolaşaraq – kəndləri, şəhərləri gəzərək hökmranlıq etdikləri ölkədə nə baş verdiyini, rəiyyətin necə yaşadığını öz gözləri ilə görmək istəyirdilər. Bu cür hökmdarlardan söz düşdükdə ilk ağla gələnlərdən biri isə Səfəvilər dövlətinin I Şah İsmayıldan sonra ən qüdrətli hökmdarı sayılan Şah I Abbasdır.
Tarixi mənbələrdə yer alan məlumatlardan belə aydın olur ki, Səfəvilərin V şahı olan və 42 il (1587 –1629) boyunca hökmdarlıq taxtında əyləşən Şah I Abbas camaatın dolanışığına, məmurların əhali ilə rəftarına şahid olmaq üçün ya təkbaşına, ya da bir neçə nəfərlə birgə saraydan çıxırmış. Həmin vaxt qiyafəsini tamamən dəyişdirən (yəni təğyir-libas olan) şah istənilən zümrəyə məxsus insanlarla rahatca söhbətləşir, ölkənin gerçək durumundan xəbərdar olmağa çalışırdı.
Çağdaş Türkiyə tarixçiliyinin görkəmli nümayəndələrindən biri Cihad Aydoğmuşoğlu “Şah Abbas” adlanan qiymətli araşdırmasında (“Altun kitab” nəşriyyatı, Bakı – 2024) yazır ki, I Abbasın bu xüsusiyyəti şifahi xalq yaradıcılığına da təsirsiz ötüşməyib: onun xalq arasında gəzib‐dolaşmasına dair çoxlu rəvayətlər meydana çıxıb. Həmin rəvayətlərdən birində deyilir: günlərin bir günü şah yenə təğyir‐libas olub camaat arasına çıxıbmış. Gəzintini başa vurduqdan sonra təndirçidən çörək, qəssabdan ət alıb saraya qayıdır. Aldıqlarını tərəzidə çəkdirir. Həm ətin, həm də çörəyin müəyyən olunmuş çəkidən əskik gəldiyini görüncə əsəbiləşir. Çörəkçini təndirə atmağı, qəssabı isə şişə keçirməyi əmr edir.
Başqa bir rəvayətə görə, bir gün Şah Abbas iki vəziri ilə – Şeyx Bəhayi və Mir Damədlə təğyir-libas olub gəzintiyə çıxır. Mir Damədin mindiyi at Şeyx Bəhayinin atından azacıq geri qalırdı. Şah Abbas öz vəzirlərini yoxlamaq qərarına gəlir. Buna görə Mir Damədə yaxınlaşıb deyir:
– Görürsənmi, Şeyx Bəhayi bizi saymır, özünü bizdən üstün bilir. Ona görə də atını çapıb bizdən irəli düşüb.
Mir Daməd şaha belə cavab verir:
– Şeyx Bəhayidə günah yoxdur. Onun atı belində bu cür alimi gəzdirdiyi üçün sevincindən qanad açıb uçur, ona görə də bizdən irəli keçib.
Bir qədər sonra Şah Abbas bu dəfə atını sürüb Şeyx Bəhayiyə çatır və ona belə söyləyir:
– Mir Damədi görürsənmi? Bizimlə bir sırada gəlməyi özünə ar bilir. Ona görə də özünü kənara çəkib, bizdən arxaya qalıb.
Şeyx Bəhayi isə belə cavab verir:
– Şah sağ olsun, Mir Damədin mindiyi at onun elm və əxlaqının ağırlığından geri qalır. Görün, Mir Damədin atı necə böyük bir alimin yükünü çəkir. Ona görə heç təəccüblü deyil ki, onun atı bizimkindən geri qalır.
Deyirlər ki, Şah Abbas öz vəzirlərinin bir yandan ağlına, o biri yandan da genişqəlbliliyinə görə çox sevinibmiş.
C.Aydoğmuşoğlunun yazdığına görə, Şah I Abbas yalnız paytaxtda yox, getdiyi başqa şəhərlərdə də təğyir‐libas olmağı sevirdi. Qiyafəsini dəyişdirib xalqın arasına çıxır, camaatı danışdırır, onların şikayətləndiyi məmurları isə dərhal, elə yerindəcə cəzalandırırdı.
Bir çox tədqiqatçılar Şah Abbasla bağlı bu cür rəvayətləri xalqın “ədalətli şah” axtarışının təcəssümü hesab edir.
Yeri gəlmişkən, xalq arasında Şah I Abbas haqqında geniş yayılmış bir ifadə də var: “Şah Abbas cənnətməkan”.
Həm bu ifadə, həm də tarixi mənbələrdə yazılanlar Səfəvilərin V şahının əhali arasında nüfuzundan, belə bir nüfuzu isə onun təğyir-libas olaraq daim camaat arasına çıxıb xalqın problemlərinə birbaşa şahidlik və müdaxilə etməsi nəticəsində qazanmasından xəbər verir.