Reklam
Reklam
Mövzu: Tarix
Alt Mövzu: Orta əsrlər
Müəllif: Elnur Astanbəyli

Şah İsmayılın ölüm ayağında içdirdiyi andı kim və necə pozmuşdu?

1524-cü ildə Səfəvilər dövlətinin banisi və ilk şahı I İsmayıl həyata gözlərini yumdu. Həmin vaxt onun 37 yaşı vardı. 

İsmayılın ölümüylə bağlı ən dəqiq tarix olaraq 930‐cu il Rəcəb ayının 19‐u (1524‐cü il mayın 23‐ü) göstərilir. Bəzi müəlliflər həmin vaxt onun 37, bəziləri də 38 yaşında olduğunu vurğulayırlar. Bu fərq həmin vaxt türklər tərəfindən istifadə edilən On iki heyvan təqvimindən qaynaqlanırdı.

Qacar tarixçisi İmamqulu Mirzənin yazdığına görə, Şah İsmayıl “piçin” (biçin/meymun) ilində vəfat edib.

 

 

Şah İsmayılın ölümünə dair gizlinlər

İlk Səfəvi şahının vəfat səbəbi ilə bağlı çoxsaylı suallar var.  

Bəzi iddialara görə, o, ov ətindən zəhərlənib.

XVI yüzilliyin görkəmli tarixçilərindən Həsən bəy Rumlu və Əbdi bəy Şirazinin yazdığına görə, İsmayıl 1524‐cü ilin yazında “çöl atı” (cüyür) ovlamaq üçün getdiyi Şəkidə xəstələnib. Qızılbaş hökmdarının ova mart‐aprel aylarında çıxdığını, xəstəliyə isə mayda tutulduğunu nəzərə alsaq, onun ov ətindən zəhərlənməsi mümkün görünmür. Belədə şahın ölüm səbəbi müəmma olaraq qalır.

Səfəvi şahı haqqında ən məşhur qaynaqlardan sayılan “Aləmara‐yi Şah İsmayıl” əsərinin naməlum müəllifi isə İsmayıla vəfatının qabaqcadan – yuxusunda məlum olduğunu bildirir. Naməlum müəllifin yazdığına görə, İsmayıl ov məqsədilə Şirvana yollanmış, ancaq atası Şeyx Heydəri yuxusunda görüncə və onun “axirət səfərinə hazırlaşmalı olduğu” barədə sözlərini eşidincə səfərini yarımçıq qoyaraq Ərdəbilə qayıdıb.

Digər Səfəvi müəllifləri isə bu önəmli mövzudan ötəri bəhs edirlər. Onlar Səfəvilərin başqa şahlarının zəhərlənməsi, sui‐qəsdə məruz qalması barədə danışsalar da, Şah İsmayılın ölümünün konkret səbəbi haqqında susurlar. Həsən bəy Rumlu şahın anidən xəstələndiyini, həkimlərin bütün müdaxilələrinə baxmayaraq “saatbasaat zəiflədiyini, bədənin xəstəliyə müqavimət göstərməkdə aciz qaldığını” yazır.

Rumlunun sadaladığı əlamətlərdən şahın zəhərləndiyini təxmin etmək olar. “Aləmara‐yi Şah İsmayıl”ın naməlum müəllifinə görə isə şahın səhhəti ölümündən 3 gün əvvəl pisləşməyə başlayıb, getdikcə ağırlaşıb, onun hərarəti artıb, nəticədə hətta namazını belə oturaraq qılmaq məcburiyyətində qalıb.

 

İlk Səfəvi şahının havada qalan vəsiyyəti

Naməlum müəllifin yazdığı “Aləmara‐yi Şah İsmayıl” əsərində qızılbaş hökmdarının vəfatından bir qədər əvvəl əmirlərinə etdiyi vəsiyyətdən danışılır. Belə ki, Səfəvi şahı səhhəti ağırlaşınca Ərdəbilə qayıtmağa qərar verir. Şirvandan ayrılmağa hazırlaşdığı vaxt o, əmirlərindən Üləma Sultan Təkəliyə oğlu şahzadə Təhmasibin Ərdəbilə gətirilməsini buyurur. Ardınca əmirlərini öz ətrafına toplayan Şah İsmayıl öncə vəsiyyətini açıqlayır, sonra da vəsiyyətinə əməl ediləcəyi barədə and içdirir.

Səfəvi şahının vəsiyyətində deyilirdi: “Sufi olmağın yolu və ərkanı nifaqdan əl çəkmək, ittifaq etməkdir. Belə olduqda düşmən... üstünüzə hərəkət edə bilməz. Nə qədər ki sizin aranızda birlik var, qızılbaşlarla vuruşmağa heç bir hökmdarın qüdrəti və iradəsi çatmaz...”

Şah İsmayıl özündən sonra taxta oğlu Təhmasibin çıxmasını buyurdu. Ancaq onun azyaşlı olduğunu nəzərə alıb 7 il boyunca qızılbaş sərkərdəsi və əmirül-ümərası (əmirlər əmiri) Div Sultan Rumlunun Təhmasibə vəkillik etməsini tapşırdı. İsmayılın vəsiyyəti ilə oğlu yalnız 18 yaşına çatdıqda dövlət işləri tamamilə onun öz öhdəsinə buraxılacaqdı.

Şah gözlərini həyata yumduqdan sonra onun xanımı Taclı bəyim ərinin əmrini yerinə yetirərək 10 yaşlı oğlunun əlindən tutub Qızılbaş taxtına oturtdu. Ancaq naibliklə bağlı İsmayılın buyruğu söz olaraq qaldı – Təhmasibin vəkili Div Sultan Rumlu yox, elə Taclı bəyimin özü oldu.

Lakin hardasa 15-16 il sonra ana ilə oğulun münasibətləri pozulacaq, Təhmasib öz işlərinə Taclı bəyimin müdaxiləsi ilə barışmayacaq və onu Şiraza sürgün etdirəcək, Şah İsmayılın ən sevimli xanımı çox keçmədən elə oradaca müəmmalı şəkildə həyata gözlərini yumacaqdı. Bundan sonra kimi onun zəhərlənərək, kimi isə oğlunun özünə qarşı münasibətindən sarsılaraq öldüyünü yazacaqdı.  

 

 

Material hazırlanarkən, əsasən, Əkbər N.Nəcəfin “Şah İsmayıl” (“Altun kitab” nəşriyyatı, 2025) kitabından istifadə olunmuşdur.