Reklam
Reklam
Topic: Dilçilik
Sub-Topic: Punktuasiya
The author: Rafiq İsmayılov

Sual işarəsi (?)

 

Sual işarəsinin yaranma tarixi XVI əsrə gedib çıxır. Məhz bu dövrdə italyan mətbəəçiləri intonasiya ilə ifadə olunan sual cümlələrinin sonunda quaestio (latınca “cavab axtarıram”) sözünün ixtisar olunmuş formasından – qo hərflərindən istifadə etməyə başladılar. Sonradan bu iki hərf ayrıca söz kimi oxunmasın deyə xüsusi liqatura (iki hərfin birləşməsindən ibarət işarə: æ, œ, ʤ və s.) yaratdılar: o hərfini kiçildib q hərfinin aşağısında yazmağa başladılar. Zaman keçdikcə bu liqatura formasını bir qədər də cilalayaraq hazırda sual işarəsi (?) kimi tanıdığımız durğu işarəsinə çeviriblər. 

 

Sual cümlələrində

Xəbər almaq, fikir öyrənmək, dəqiqləşdirmək məqsədilə verilən cümlələrin sonunda sual işarəsi qoyulur. Cümlələrdə sual müxtəlif cür ifadə oluna bilər:

Sual əvəzlikləri ilə:

  • Bu suallara kim cavab verəcək?

Sual ədatı vasitəsilə:

  • Bəs qohumlarınla görüşmədin?
  • Rüfət də bizimlə gəzməyə gedəcəkmi?

İntonasiya ilə:

  • Sən sabah dərsə gedəcəksən?

 

Ritorik suallarda

Bəzən sual cümləsi cavab almaq deyil, nitqin təsirini artırmaq, müəyyən fikri bir daha təsdiqləmək məqsədi daşıyır. Buna bədii sual da deyilir. Bu cümlələrin də sonunda sual işarəsi qoyulur:

  • Vətəni, məncə, unutmaq nə demək? (A.Səhhət) 
  • Varlığa nə darlıq? 
  • Özünə umac ova bilməyən özgəyə necə əriştə kəsə bilər?

 

Başlıq və sərlövhələrdə

Mətn başlıqları və yarımbaşlıqları bəzən sual cümləsi ilə ifadə olunur. Bu halda sual işarəsinin vacibliyi mübahisə doğurur. Xatırladaq ki, başlıq nəqli cümlə ilə ifadə olunanda nöqtə qoyulmur. Lakin nəzərə almaq lazımdır ki, bəzən başlıqdakı sual yalnız intonasiya ilə (əvəzliksiz, ədatsız) ifadə olunur. Əgər sual işarəsi qoyulmasa, oxucu bu başlığı nəqli cümlə kimi qəbul edə bilər. Bu isə mətnin məzmununa uyğun gəlməz:

  • Eynşteyn dərslərindən “iki” alırdı? 

Məlumdur ki, istisnalar həmişə işi çətinləşdirir. Odur ki aşağıdakı qaydaya riayət etmək yaxşı olardı:

Başlıqlar nəqli cümlə və ya əmr cümləsi ilə ifadə olunduqda sonda heç bir işarə qoyulmur, sual və ya nida cümləsi ilə ifadə olunduqda müvafiq işarələr qoyulur:

  • Əhməd haradadır?
  • Bəs zınqırovu kim asacaq?

 

Cümlə daxilində

Cümlə daxilində sual sözləri və cümlələri dırnaq içərisində və ya xüsusi şriftlə fərqləndirilərək yazılır; onların sonunda sual işarəsi qoyulur:

  • Şagirdlərə “Zəif cəhətlərimlə necə mübarizə aparmalıyam?” mövzusunda esse yazmaq tapşırılır.
  • Belə obrazlar “kim?” sualına cavab verir. 
  • Anar yaxınlarının “Niyə bu ağır yükün altına girdin?” sualını cavablandıra bil­mədi.

 

Nöqtə, yoxsa sual işarəsi?

Komponentlərindən biri sual, digəri nəqli və ya əmr cümləsi olan mürəkkəb cüm­lənin sonunda hansı işarə qoyulmalıdır:

  • Məni başa sal görüm, bu maşın niyə tez-tez xarab olur.
  • Sənə demədimmi, bu işin axırı yaxşı olmayacaq.

İlk baxışdan belə bir qayda məntiqli görünür: əsas komponenti (baş cümlə) nəqli cümlədən, digər komponenti sual cümləsindən ibarət olan mürəkkəb cümlənin sonunda nöqtə qoyulur. Çünki budaq cümləni çox zaman feili tərkibə çevirərək baş cümlədə işlətmək olur.

  • Heç cür aydınlaşdıra bilmədik ki, bu işin başında kim durur.

(Bu işin başında kimin durduğunu heç cür aydınlaşdıra bilmədik.)

  • Bu nə məsələdir ki, öhdəsindən gələ bilmirsiniz?

(Öhdəsindən gələ bilmədiyiniz nə məsələdir?)

Amma əmin deyilik ki, bu kitabdan yararlanmaq istəyənlərin hamısı tabeli mü­rəkkəb cümlədə baş və budaq cümlələri fərqləndirə bilir. Ona görə də tövsiyə edirik ki, intuisiyanıza arxalanasınız: əgər belə cümlələrdə sual semantikası güc­lüdürsə, sual işarəsi, xəbər vermə (informasiya çatdırmaq) və ya əmr semantikası güclüdürsə, nöqtə qoyun:

  • Səndən soruşuram ki, hadisə baş verəndə harada idin?

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.