Reklam
Reklam
Mövzu: Dilçilik
Alt Mövzu: Punktuasiya
Müəllif: Rafiq İsmayılov

Üç nöqtə (...)

 

İngilis dilində bu işarə ellipsis (buraxmaq, əldən qaçırmaq) adlanır. Bir çox dillərdə olduğu kimi, Azərbaycan dilində də üç nöqtə buraxılmış söz və ya ifadənin yerinə yazılır. 

Fikrin bitmədiyini bildirir:

  • Hamı səbirsizliklə xəbər gözləyirdi, amma...

Sitatlarda müəyyən hissənin ixtisar olunduğunu göstərir:

  • Böyük rus şairi Lermontov Azərbaycan dili haqqında demişdir: “...mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxıda oldum, Azərbaycan dilini öy­rənməyə başladım. Bu dil burada, ümumiyyətlə, Asiyada, fransız dilinin Av­ropada olduğu qədər zəruridir”.

Dialoqdakı tərəflərdən biri verilən suala cavab vermədikdə və ya qarşı tərəfin fikrinə reaksiya vermədikdə işlədilir:

  • – Burada nə işin var?

– ...

– Səndən soruşuram, burada nə gəzirsən?

Danışanın həyəcanlı olduğundan nitqin qırıq-qırıq verildiyi yerlərdə istifadə ­olunur:

  • – Mən... mən... bunu bilmirdim... heç güman da etmirdim.

Fikrin, sadalananların davamı olduğunu, sona çatmadığını bildirir (və s., və i.a., və b. ifadələrinin yerinə):

  • Hər tərəf göz oxşayırdı: küçələr, binalar, yollar...

 

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.