Reklam
Reklam
Тема: Dilçilik
Тема: Punktuasiya
Автор: Rafiq İsmayılov

Xitab və nidalarda vergülün işlənməsi

 

Xitabın vergüllə ayrılması

Bu, vergüllə bağlı ən sadə qaydalardan biridir, belə ki, cümlədə müraciət bildirən sözü, yəni xitabı fərqləndirmək heç də çətin deyil.

Xitab cümlənin əvvəlində gələndə ondan sonra vergül qoyulur:

  • Vətən oğlu, keşiyində durduğun bu torpaq sənə babalarından qalıb.

 

Xitab cümlənin ortasında gələndə ondan əvvəl və sonra vergül qoyulur:

  • Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! (C.Cabbarlı)

 

Xitab cümlənin sonunda gələndə ondan əvvəl vergül qoyulur:

  • Sən “Uçan xalça” nağılını eşitmisənmi, dostum?

 

Ey nidası xitaba qoşulduqda vergül intonasiyadan asılı olur:

  • Ey, Cəfər, səninləyəm, eşitmirsən?!
  • Sülhə gəlin, ey insanlar, Yoxsa dünya məhv olar. (Novruz Gəncəli)

Bu nida xitaba qoşulmadan çağırış bildirdikdə ondan sonra vergül qoyulur:

  • Ey, kimsən orda, aç qapını!.. (Ü.Hacıbəyli)

 

Nidanın vergüllə ayrılması

Cümlədə nidadan sonra vergül və ya nida işarəsi qoyula bilər:

  • Ah, yurdumuz nə gözəldir!

Nida cümlənin ortasında gələndə hər iki tərəfdən vergüllə ayrılır:

  • Qorxdum, ay aman, yarıldı bağrım! (M.Ə.Sabir)

 

Mənbə:

İsmayılov R. Düzgün yazaq. Orfoqrafiya, Punktuasiya, Qrammatika. Bakı: Altun kitab, 2022. –128 səh.