Paytaxtı: Brüssel şəhəri
Sahəsi: 30,528 km²
Əhali sayı: Təxminən 11.5 milyon
Etnik tərkibi: Flamandlar (60%), Valonlar (30%), digər etnik qruplar (10%)
Rəsmi dilləri: Niderland, fransız, alman dili
Valyutası: Avro (€)
Qərbi Avropada yerləşir. Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq, cənubda və qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizi ilə əhatələnir.
Konstitusiyalı monarxiya və federal parlamentli sistemə malikdir. Hazırda (2025-ci il) ölkənin dövlət başçısı Filipdir (Kral Filip I). O, simvolik bir liderdir, hökümət başçısı isə baş nazir Aleksandr De Kroodur.
İqtisadiyyatı inkişaf etmiş və çoxşaxəlidir. Ölkə sənaye, xidmət sektoru və beynəlxalq ticarət sahələrində güclü mövqeyə malikdir. Kimya, polad istehsalı, maşınqayırma, əczaçılıq və tekstil sənayesi mühüm yer tutur. Əsas ixrac məhsulları avtomobil, kimyəvi maddələr, əczaçılıq məhsulları və qida məhsullarıdır. Əsas ticarət tərəfdaşları isə AB ölkələri (xüsusilə Almaniya, Fransa, Niderland), ABŞ və Çindir. Avropanın iqtisadi mərkəzlərindən biri olan Belçika Şimal dənizinə çıxışı və mərkəzi coğrafi mövqeyi ilə beynəlxalq ticarət üçün mühüm nəqliyyat qovşağıdır.
Ölkədə mülayim dəniz iqlimi hakimdir. Bu, yumşaq qışlar və sərin yaylarla xarakterizə olunur. Yağıntılar il boyu bərabər paylanır. Orta illik temperatur təxminən 3°C-18°C arasında dəyişir. Ölkə zəngin və müxtəlif təbiətə malikdir. Belçikanın çay sistemi çox inkişaf edib, əsas çayları Şeld, Maas və İjser çaylarıdır.
Brüssel şəhərindəki Atomium, Böyük Meydan, Bruges şəhəri, Gentdəki müqəddəs məkanlar turistlər üçün məşhur yerlərdəndir.
Ölkədə təhsil 6-18 yaş arasında məcburidir və ödənişsizdir. Təhsil sistemi üç dil icmasına görə idarə olunur: flamand, fransız və alman. Üç əsas səviyyədən ibarətdir: ibtidai, orta və ali təhsil. Universitetləri yüksək keyfiyyəti ilə tanınır. Ölkənin əsas universitetləri: Leuven Katolik Universiteti, Gent Universiteti, Brüssel Azad Universiteti, Liege Universiteti, Louvain Katolik Universiteti, Antverpen Universiteti.
Mədəniyyət ölkənin dil və bölgə müxtəlifliyini əks etdirir. Flamandlar və valonların mədəniyyəti fərqli olsa da, hər ikisi zəngin tarixə malikdir. Belçika rəsm sənəti, xüsusilə Rubens və Bruegel kimi böyük sənətkarlarla tanınır. Şokolad və pivə istehsalı dünyada məşhurdur. Komiks sənəti də Belçika mədəniyyətinin önəmli bir hissəsidir – “Tintin” və “Şirinlər” bu sahədə ən məşhur nümunələrdir. Həmçinin, caz festivalları və orta əsr memarlığı mədəniyyətə xüsusi rəng qatır.