Reklam
Reklam

1. Ərazisi (coğrafi mövqeyi)

Cənubi Avropada, İberiya yarımadasının qərbində yerləşir. Şimal və şərqdə İspaniya, qərb və cənubda Atlantik okeanı ilə sərhədlənir.

2. Dövlət quruluşu

Parlament respublikasıdır. Hazırda (2025-ci il) prezident Marselu Rebelu di Souza, Baş nazir isə Luiz Monteneqrudur. Prezident dövlət başçısıdır, əsasən simvolik rol oynayır. Baş nazir isə hökumətə rəhbərlik edir və icraedici hakimiyyətin başçısıdır.

3. İqtisadiyyatı

İqtisadiyyatı inkişaf etmiş və bazar yönümlü iqtisadiyyatdır. Əsas sahələri turizm, sənaye, kənd təsərrüfatı və xidmət sektorudur. Ölkə avtomobil istehsalı (Volkswagen,Toyota, Mitsubishi Fuso, CaetanoBus) tekstil, ayaqqabı, elektronika və şərab istehsalı ilə tanınır. Avropa İttifaqının üzvü olduğu üçün ticarəti əsasən Aİ ölkələri ilə aparılır. Son illərdə texnologiya və startap sahələrində də inkişaf edir.

4. İqlimi və təbiəti

Ölkə mülayim Aralıq dənizi iqliminə malikdir. Yaylar isti və quraq, qışlar isə yumşaq və rütubətli keçir. Şimalda iqlim daha sərin və yağıntılı, cənubda isə quraq və günəşlidir. Təbiəti müxtəlifdir: sahilboyu qumlu çimərliklər, daxili bölgələrdə meşələr və dağlıq ərazilər üstünlük təşkil edir. Atlantik okeanı ölkənin iqliminə və biomüxtəlifliyinə təsir göstərir.

5. Görməli yerləri

Lissabonun tarixi məhəllələri, Porto şəhəri Douru vadisi, Sintra sarayları, Algarve çimərlikləri, Azor, Madeira adaları, Belem Qülləsi Jeronimos monastırı (UNESCO siyahısındadır) turistlər üçün cəlbedici məkanlardandır.

6. Təhsil sistemi

Təhsil sistemi üç əsas pillədən ibarətdir: ibtidai təhsil, orta təhsil ali təhsil. Məcburi təhsil 12 il davam edir və dövlət məktəbləri pulsuzdur. Ali təhsil universitetlər və politexnik institutlar tərəfindən verilir. Təhsil sistemi Bolonya prosesinə uyğunlaşdırılmışdır və bakalavr, magistr və doktorantura dərəcələrini əhatə edir.

Ölkənin əsas universitetləri: Lissabon Universiteti, Porto Universiteti, Koimbra Universiteti, Aveiro Universiteti.

7. Mədəniyyəti

Mədəniyyəti zəngin tarixi irsə və müxtəlif təsirlərə malikdir. Ölkə fado musiqisi, məşhur azulejo keramikası və ədəbiyyatı ilə tanınır. Portuqaliyalılar festivallara, xalq rəqslərinə və dənizçilik ənənələrinə böyük önəm verirlər. Mətbəxi dəniz məhsulları və dadlı şərabları ilə məşhurdur. Arxitekturasında manuelin üslubu xüsusi yer tutur. Futbol ölkədə ən populyar idmandır.