Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ADIBƏY azərb.

Adı adı və mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş bəy titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Qədim kişi adlarından hesab edilir. Məlum olduğu kimi, dünya xalqları tarixində ad ilə bağlı müxtəlif mülahizə və ənənələr mövcuddur. İnsan üçün adın mühüm əlamət hesab olunması nəticəsində dünya xalqlarında olduğu kimi, türk xalqlarında da müxtəlif məzmunlu adlardan istifadə edilir. Dünyaya gələn övladlara hər zaman qorxmaz, igid, sağlam, bilikli, insansevər olması məqsədilə Cəsur, Polad, Alim, Sevər və s. bu kimi adlar qoyulur. Hətta şəxs adının rolunu cəmiyyətdə çox yüksək qiymətləndirənlər adın insanı inkişaf etdirə biləcəyinə də inanırlar. Adıbəy də belə adlardandır. Başqa sözlə, yəqin ki, dünyaya göz açan övlada Adıbəy (bax: ad – ADI; BƏY) adını qoyanlar gələcəkdə oğlunun bəylərə (kişilərə) xas xüsusiyyətlərə malik, həmçinin bəy zümrəsinə daxil olacaq bir şəxs görməyi arzu etmişlər. Yəni dünyaya gələndən adı da bəy, özü də bəy səviyyəsinə qədər qalxa biləcək. Həmçinin Adıbəy, Bəyalı, Bəyxan və s. bu qəbildən olan adlar qoyularkən bu gün də bir məsələ əsas götürülür ki, ad insanın həyatında mənəvi dayaq rolu oynayaraq insanı adına layiq olmağa ruhlandırır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti