Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALPAN türk mənş.

alpan sözü igid, cəsur anlamındadır.

Türk xalqlarının, demək olar ki, hamısında Alpan adına rast gəlinir. Alpan adı indi də Orta Asiyada türkdilli xalqlarda – qırğızlarda, qazaxlarda, qaraqalpaqlarda, buryatlarda tayfa adı kimi mövcuddur. Adın alban formasına ilk dəfə m.ə. I əsrdən başlayaraq antik mənbələrdə rast gəlinir. “Kitabi-Dədə Qorqud” dastanlarında isə alpan şəklində təsadüf olunur. Alpan adının qədim türkdilli etnosun adını bildirməsi heç kimdə şübhə doğurmur. Lakin adın mənası haqqında müxtəlif fikirlər mövcuddur. N.Y.Marr, A.Ya- novski, K.V.Trever, R.M.Maqomedov, Z.İ.Yampolski və başqaları bu fikirdədirlər ki, “alban” adı latın mənşəli söz olub, “yüksəkliklər, dağlar ölkəsi” mənasını verir. A.Bakıxanov adın tərkibindəki “alb” hissəsini latın dilindəki “alp” sözü ilə əlaqələndirərək göstərir ki, mənası təxminən “ucalıq, yüksəklik, hündürlük” anlayışına yaxındır. K.V.Trever isə bu sözün “dağ” mənasında kelt mənşəli “alp” morfemi ilə bağlı olmasını göstərmişdir. Şotlandiyanın adının qədim keltcə Albaniya olduğunu və Şotlandiyanın ən dağlıq adalarından birinin Arran adlandığını da qeyd etmişdir. Ə.Dəmirçizadə “Alban” adının etimologiyasından bəhs edərkən bu sözün mixi yazılarında “alban” şəklində yazıldığını, “şimal əyalət”, “dağlıq”, “dağıstan” mənalarında olduğunu göstərmişdir. A.Məmmədov və Y.Yusifov isə Altan/Alpan, arran, ağvan sözlərini “işıqlı, parlaq səma” mənalarında izah etmiş və onu mənşəcə avarlara tətbiq olunan halbi sözü ilə əlaqələndirmişlər. O.Kazımov Albaniya, Alban sözünün türk dillərinə məxsus “cəsur, igid” mənalarını verən “alp” və “an” hissələrindən ibarət olduğunu bildirməklə Albaniya adının “igidlər, cəsurlar ölkəsi” mənasına gəldiyini vurğulayır. Məlum olduğu kimi, Azərbaycanın Quba bölgəsində Alpan adlı qədim bir kənd də vardır. Q.Qeybullayev, Q.Məşədiyev, M.Adilov, B.Budaqov, F.Xalıqov və digər tədqiqatçıların da Alban/Alpan/Alpout toponimi haqqında fikirləri belədir ki, həmin söz “igid, cəsur” mənasını ifadə edən türk sözü “alp” və “an” morfemlərindən ibarətdir. Beləliklə, Alpan şəxs adı dağlıq, ucalıq, yüksəklik, uca, yüksək yer anlamındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti