Oğuz mənşəli türk tayfası.
A. sözünün əski forması “alpoğut” (“alpoqut”) olub. Əski türk diilində “alp” – igid, ərən, qoçaq, “ğut” (“qut”) isə cəm, toplum anlamını verir. Görkəmli filoloq Mahmud Kaşğari (1029–1105) “Divanü lüğat-it-türk”də bu terminin mənasını belə açıqlayır: “Təkbaşına düşmənə qalib gələn, ələ keçməyən igid”. Öncə səlcuq tayfa ittifaqına (XI–XIV əsrlərdə) daxil olan A.-lar Səlcuq dövlətinin süqutundan sonra XV əsrdə Qaraqoyunlu tayfa birliyinin tərkibinə keçiblər. Qaraqoyunlu dövlətinin süqutunun (1468) ardınca onlar Ağqoyunlulara, XVI əsrin əvvəlində isə qızılbaşlara qoşulublar. Səfəvilər dövlətinin ictimai-siyasi həyatında mühüm rol oynayan A.-lar I Şah Abbasın (1587–1629) dönəmində Şirvan və Qarabağa köçürülüblər. Bu bölgələrdə onlara geniş torpaq sahələri verilib. Qarabağ və Aran ərazisində bir çox kəndlərin A. adlanması da bununla izah olunur. A.-lar azərbaycanlıların etnogenezində iştirak ediblər.
Tarix terminləri lüğəti