yoasaf (həmçinin yehoasaf, yosafat) sözü bu gün həm ərəb dilində, həm də Azərbaycan dilində asəf formasındadır.
Asəf ərəb dilinə çox erkən dövrlərdə keçmişdir. Dilimizə birbaşa deyil, ərəb dilindən keçdiyinə görə həmin dildə olduğu kimi tələffüz edilmişdir. Asəf müasir Azərbaycan dilində bir neçə məna ifadə edir: 1. Allah mühakimə etdi; Tanrı hökm verdi; Allah toplayıb apardı; Tanrı yığdı, apardı. 2. Ağıllı, tədbirli. Asəf kişi adı sözün ikinci mənası ilə əlaqədar olub, ağıllı, tədbirli anlamlarını ifadə edir.
“Qurani-Kərim”də Səba məlikəsi Bilqeyisin taxtını Yəməndən Fələstinə göz açıb yummadan Həzrət Süleymanın yanına gətirmiş birisinin onun vəzirlərindən Asəf olduğu deyilən, amma adı ifadə edilməyən (peyğəmbər olmayan) bir şəxs barədə bəhs edilmişdir. Qədim dini rəvayətlərdə Süleyman (yəhidilərdə Solomon) Peyğəmbərin çox ağıllı, tədbirli vəzirinin adı Yosafat olmuşdur. Lüğətlərdə “nazir”, “vəzir” anlamına gəldiyi də göstərilir. Adın daşıyıcılarından XX əsrin musiqiçilərindən biri, görkəmli bəstəkarlardan Q.Qarayev və T.Quliyevin müəllimi olmuş, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynallıdır (1909-1932). İstedadlı bəstəkar “Uşaq süitası” əsəriylə Azərbaycan uşaq musiqisinin əsasını qoymuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti