Reklam
Reklam

Tarix terminləri lüğəti

asteklər

endoetnonim – asteka

Meksikanın ən çoxsaylı hindu xalqı.

Yuto-astek dil ailəsinə daxil olan nauatl (naxuatl) dilində danışırlar. Antropoloji cəhətdən böyük monqoloid irqinin Amerika qrupuna daxildirlər. Ehtimallara görə, A. XII əsrdə şimaldan köç edərək Mexiko vadisində məskunlaşıblar. İlk öncə daha güclü kulua və tepanek tayfalarından asılı vəziyyətdə olublar. 1325-ci ildə Tenoçtitlan yaşayış məskəninin əsasını qoyublar (hazırda həmin ərazidə Mexiko şəhəri yerləşir). 1427-ci ildə isə digər tayfalarla ittifaqda tepanekləri məglub edən A. bütün Mexiko vadisini özlərinə tabe ediblər. Bundan sonra A. tədricən Meksika körfəzindən Sakit okeanadək uzanan Mərkəzi Meksikanın bütün ərazisində hegemon qüvvəyə çevriliblər. 1519–1521-ci illərdə ispanlar tərəfindən fəth olunublar. A. zəngin mədəniyyətə malik olublar, tibb, astronomiya və memarlıq xüsusilə yüksək səviyyədə inkişaf edib. A.-lərin inşa etdikləri möhtəşəm daş piramidalar, müxtəlif relyef və divar rəsmləri ilə bəzədilmiş düzgün həndəsi formalı məbədlər günümüzədək gəlib çatıb. A.-in yaratdıqları heykəltəraşlıq nümunələri bu gün də öz nəhəngliyi ilə insanları heyrətə gətirir. A. piktoqrafik yazıya malik olublar. Hazırda A.-in sayı 1 milyona çatır. Maraqlıdır ki, A. ispan işğallarına kimi ev heyvanları (it istisna olmaqla) saxlamayıblar və dəmirin nə olduğunu bilməyiblər.

Tarix terminləri lüğəti