Reklam
Reklam

Məsəllər, deyimlər

BAĞDA ƏRİK VAR İDİ...

►Bir insanın başqa birisi ilə təmənnalı, məqsədli, saxta münasibət saxladığını bildirmək üçün işlədilən ifadə.

İfadə xalq arasında məşhur bir əhvalatdan qaynaqlanmışdır.

Tədqiqatçı Beydulla Hüseynov «Rəvayətli ifadələr» kitabında bu məsəli belə şərh edir: «Bağında əriklərin yetişdiyi vaxt tez-tez bağbanın yanına gəlib-gedən, onunla «dostluq edən» yalançı dostlar ərik qurtaran kimi bağdan ayaqlarını kəsir, bağbanı görəndə isə yanından düz keçir, ona salam vermirlər».

Adi danışıqda, folklorda və ədəbi əsərlərdə tez-tez rast gəlinən bu məsəl, əslində, tam şəkildə belədir:

Bağda ərik var idi, salam-əleyk var idi,

Bağda ərik qurtardı, salam-əleyk qurtardı.

Geniş yayılmış bu məsəl var-dövlətə, ad-sana, mənsəbə malik olan adama çoxlarının özünü dost kimi göstərdiyini, var-dövlət və mənsəb əldən getdikdən sonra isə heç kimin məhəl qoymadığını, hətta salam belə vermədiyini, yəni bəzi adamlarda səmimiyyət, təmənnasız dostluq münasibəti olmadığını bildirmək məqsədilə işlədilir. İşlətmək asan olsun deyə, adətən, bu məsəlin əvvəldə gələn ilk misrası deyilir.

Bəzi mənbələrdə bu ifadənin Molla Nəsrəddinə aid olduğu iddia edilir.

Məsəllər, deyimlər