►Evliliyin toydan sonra, adətən, istirahət və səfərlərlə müşayiət olunan ilk ayı.
İfadə bəzi xalqlarda mövcud olmuş ənənədən qaynaqlanmışdır.
Xoşbəxtlik və səadətin müvəqqəti, ötəri olduğuna işarə vurulan bu ifadənin mənşəyi ilə bağlı müxtəlif mənbələrdə fərqli mülahizələr vardır.
Bəzi mənbələrdə bu ifadə orta əsr Qərb ölkələrində toy mərasimlərində yeni evlənənlər üçün baldan yüngül alkoqollu içkinin hazırlanması ənənəsi ilə izah edilir. Yeni evlənənlərə tünd alkoqollu içki içməyə icazə verilmədiyindən onlar üçün xüsusi yüngül içki hazırlanırmış. Adətə görə, onlar bu içkini həm toy mərasimində, həm də toydan sonrakı bir ay ərzində içirmişlər. Hətta qeyd olunur ki, toy günü evlənənlərə bu məqsədlə içərisində 5–10 kiloqram bal olan kiçik küp hədiyyə edilirmiş. Onlar bir ay ərzində balla dolu küpü boşaltmalı imişlər.
Başqa bir mənbədə isə bu ifadəyə daha əvvəllər rast gəlindiyi bildirilir və misal kimi bu qədim fars zərbi-məsəlindən bəhs olunur: «Evliliyin birinci ayı bal ayıdırsa, ikinci ayı yovşan ayıdır». Maraqlıdır ki, bu fikrə böyük fransız mütəfəkkiri Volterin (1694–1778) «Zadiq, yaxud tale» fəlsəfi əsərində də rast gəlinir.
Sonralar bu frazeoloji ifadə daha geniş məna almış və «həyatın xoşbəxt dövrü», yaxud «hər hansı hadisənin mənfi tərəfləri yaranmamışdan əvvəlki gözəl dövrü» mənasını verməyə başlamışdır.
Məsəllər, deyimlər