Orta əsrlərdə Monqol imperiyasında pul vahidi.
B. Çingiz xanın dövründən işlənməyə başlanıb, Monqol imperiyası parçalandıqdan sonra yalnız Çində istifadə olunub. O, qızıl və gümüş sikkələr, eləcə də kağız əsginaslar şəklində buraxılıb. Orta əsr qaynaqlarına görə, ayrı-ayrı dövrlərdə B.-ın dəyəri müxtəlif olub. İran tarixçiləri Cüveyni (XIII əsr) və Vəssafın (XIV əsr) verdiyi məlumata görə, həm qızıl, həm də gümüş B.-ların çəkisi 500 misqala (1 misqal – təqr. 4,26 q) bərabər tutulub. Elə həmin qaynaqlara görə, 1 qızıl B. – 2000 dinara, gümüş B. – 200 dinara, kağız əsginaslar şəklində B. isə 10 dinara bərabər hesablanıb. Çox güman ki, burada qızıl dinar deyil, çəkisi 3 misqal (12,75 q) olan gümüş dinar nəzərdə tutulur.
Tarix terminləri lüğəti