Reklam
Reklam

Məsəllər, deyimlər

BAŞINDA SARIMSAQ ƏKMƏK

►Birisini yol verdiyi xətaya görə ciddi cəzalandırmaq.

İfadə Bəhlul Danəndənin ibrətamiz bir lətifəsindən qaynaqlanır.

Bəhlul bir gün təraş olunmağa gedir, dəllək onun geyiminə baxıb belə zənn eləyir ki, bu adam dəlidir. Ona görə də başını korşalmış ülgüclə qırxmağa başlayır. Kor ülgüc, nazik dəri və insafsız dəllək. Bəhlulun başının dərisi beş-on yerdən kəsik-kəsik olur, qanı axmağa başlayır. Zalım dəllək hər kəsdikcə də qan çıxan yerə pambıq basır.

Ağrıdan üz-gözünü turşudan Bəhlul dəlləkdən soruşur:

– Ay dəllək, neyləyirsən?

Dəllək özündənrazı halda irişə-irişə:

– Başında pambıq əkirəm, gələn il qozalayanda mənə deyərsən.

Bəhlul bir söz demir, amma ürəyində and içir ki, bunun heyfini dəlləkdən çıxsın.

Bir gün xəbər yayılır ki, xəlifə camaatdan bəxşiş yığır, əvəzində çoxlu daş-qaş bağışlayır. Dəllək öyrənir ki, xəlifə başını kəsib doğradığı adamın – Bəhlulun qardaşıdır. Ona görə gedib Bəhluldan soruşur ki, xəlifəyə nə aparsa onun ürəyincə ola bilər?

Bəhlul dəlləyi yadında yaxşı saxlamışdı, odur ki belə deyir:

– Xəlifə ən çox sarımsağı xoşlayır. Əgər yaxşı yetişmiş iri sarımsaq aparsan, sənə o qədər daş-qaş verər ki, heç yığıb-yığışdıra bilməzsən.

Dəllək sevinə-sevinə gəlib bir xurcun sarımsaq götürüb xəlifənin yanına gedir. Sən demə, xəlifənin sarımsaqdan zəhləsi gedirmiş. Dəlləyin ona bu qədər sarımsaq gətirdiyini gördükdə xəlifə qəzəblənib əmr edir ki, sarımsaqları bir-bir dəlləyin başına çırpsınlar. Fərraşlar sarımsaqların hamısını bir-bir dəlləyin başına vururlar. Sarımsaqların zərbəsindən dəlləyin başı şişib qoz-qoz olur. Dəllək qayıdıb evlərinə gələndə Bəhlulla rastlaşır, hirsli-hirsli ondan soruşur:

– Bəhlul, bu nə işdir mənim başıma gətirdin?

Bəhlul deyir:

– Dəllək, yadındadırmı, keçən il mənim başımda pambıq əkmişdin? Onun əvəzində mən də sənin başında sarımsaq əkdirdim.

Dilimizdə bu ifadənin «başında turp əkmək» kimi variantı da mövcuddur.

Məsəllər, deyimlər