Yer səthinin normadan artıq rütubət olan yerlərində tam çürüməmiş üzvi maddələrin toplandığı sahə.
Müxtəlif klimatik zonalarda B.-lar müxtəlif bitkilərlə (məsələn, hündür yerlərdə mamır, çökəkliklərdə qamış, cil) örtülür, bir sıra hallarda suyun altında torf təbəqəsi olur. B.-lar fərqli səbəblərdən yaranır: yeraltı suların Yer səthinə çıxması nəticəsində, sututarlarda suyun azalması, daşqınlarda quru sahələri su basması zamanı və s. Hidrosferin tərkib hissəsinə aid olan B.-lar planetimizdə ilk dəfə Silur və Devon dövrlərində (350-400 milyon il əvvəl) əmələ gəlib. Yer səthində bütün B.-ların ümumi sahəsi 35 mln. km2-dir. Bunun əsas hissəsi Şimal yarımkürəsində yerləşir (Rusiya, Belarus, Kanada, Finlandiya və s.). Cənub yarımkürəsində ən böyük B. Braziliyada Amazon çayı hövzəsindədir. Azərbaycanda B.-lara daha çox Kür çayı boyu, Lənkəran və Samur-Dəvəçi düzənliklərində rast gəlinir.
Coğrafiya terminləri lüğəti