►Bəxtindən küskün, bədgüman, qismətindən narazı adamlara təskinlik, məsləhət vermək üçün işlədilən ifadə.
İfadə tarixən formalaşmış xalq inancı ilə bağlı yaranmışdır.
Tam şəkildə «baxtını qozda sına, oğulda-qızda sına» kimi deyilən ifadə qozun içinin saf, ya çürük olduğunu bilməyin çətinliyi haqqında el təsəvvüründən qaynaqlanmışdır.
Qoz qapalı olduğu üçün onu qırmadan saf, yaxud çürük olduğu bilinmir. Tale, qismət də belədir – sabah insanı nə gözlədiyini heç kim deyə bilməz. Ona görə də tövsiyə olunur ki, sabah səni nə gözlədiyini bilə bilməzsən, tale bağlı, bütöv qoz kimidir – qozun içinin saf, ya çürük olduğunu bilmək üçün onu qırmaq, taleyinin necə olacağını bilmək üçünsə yaşamaq lazımdır.
Məsəlin ikinci misrası da dolayısı ilə birinci misraya bağlıdır. Övladın da yaxşısı-pisi – safı-çürüyü olur.
«Qoz» sözünün ərəbcə qarşılığı «cövz»dür. Dilimizdə «qoz» sözünün sinonimi kimi işlənən «ceviz» də «cövz» sözündəndir. Bundan əlavə, Əkizlər bürcünün adı ərəbcə «Cövza»dır və bu söz də «cövz» sözündən yaranıb. Qoz – ceviz iki ləpədən ibarətdir, yəni cütdür, «əkizlər» də cüt mənasını ifadə edir.
Məsəllər, deyimlər