►Baş verən hadisənin günahını kiminsə üstünə atmaq, baiskar axtarmaq məqamında işlədilən ifadə.
İfadə birbaşa «O olmasın, bu olsun» filmindən (1956) qaynaqlanır.
Filmdə Məşədi İbadı «Bəy hamamı»na müşayiət edən «dostları» hamam pulunu vermək vaxtı çatanda hərəsi bir bəhanə ilə aradan çıxır. Bəylərin bu davranışının səbəbini çox gözəl bilən Məşədi deyir: «Qorxmayın, hamam pulunu özüm verəcəm». Sonra da hamamçı ilə hesablaşarkən hirsli şəkildə: «Bunlar hamısı sənin hamamının suyundandır!» – deyə donquldanır.
Dilimizdə hamamla bağlı başqa ifadələr də vardır. Bunlardan daha çox «Köhnə hamam, köhnə tas», «Hamam suyu ilə dost tutmaq» işləkdir.
Məsəllər, deyimlər