Reklam
Reklam

Məsəllər, deyimlər

BUTA VERMƏK

►Könlün gözü ilə görmək, nişan vermәk, iki gəncin – oğlan vә qızın talelәrini bir-birinә bağlamaq.

İfadənin qədim hunlarda Bata (buta) – gözәllik ilahәsinin adı ilə bağlı yarandığı ehtimal edilir.

«Kitabi-Dәdә Qorqud» dastanında «buta/puta» sözü «ox atmaq üçün nişangah» mәnasında işlәnir. Dastanın «Qazan xanın еvinin yağmalanması» boyunda el-obası, еv-еşiyi talanmış, ağbirçək anası, sеvgili qadını, yеganə oğlu, say-sеçmə igidləri əsir götürülmüş Qazan quruca yurd yеrində kеçirdiyi ağrılı-acılı hissləri ifadə edərkən «...Oğlum Uruz ox atanda buta qalmış» sözlərini işlədir.

Prof. Mirәli Seyidova görə, türkdilli hunlarda Bata (buta) adlı gözәllik ilahәsi olmuşdur. Bəlkə, buna görə də «buta» sözü həm də qədim türk dillərində «sevgili» deməkdir. Təsadüfi deyil ki, bir çox dastanlarımızda sevən adama buta verilməsi epizodu əsas xətt kimi keçir. Bu da qədim türk inamıdır. «Aşıq Qərib», «Qurbani», «Abbas və Gülgəz», «Mahmud və Ağcaqız», «Qul Məhəmməd» və başqa dastanlarımızda da yuxuda buta verilməsi süjeti var. Buta verilәn şәxs tezliklә işini, vәtәnini, dost-tanışlarını, valideynlәrini tәrk edib öz sevgilisinin ardınca yollanır.

«Buta» anlayışı buddizmin geniş yayılmış qollarında da var; məsələn, dzen-buddizmə görә, dünyәvi vә ruhani alәmlәr arasında keçilmәz hәdd yoxdur, bunlar bir vәhdәt təşkil edir. Buddizmdә dә hәyatın yeganә mәqsәdi şəxsin öz allahına – butasına qovuşmağa cәhd etmәsindәn ibarәtdir.

Məsəllər, deyimlər