Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ÇAVUŞ türk.

çavuç sözü karvana, yol gedən yolçu dəstəsinə yol göstərən, dəstəyə, bölüyə rəhbərlik edən, karvan başçısı, karvanın başında duran şəxs, carçı, orduda çavuş (dilimizdə sovet rejimi zamanı rus kəlməsi serjant işlədilmişdir), dəniz donanmasında çavuş (rus kəlməsi starşina), fəhlələrin başında duran şəxs, baş fəhlə mənalarını ifadə edir.

Vaxtilə Osmanlı sarayında padşahların yavəri kimi fəaliyyət göstərən şəxslərə çavuş deyilmişdir. Çin qaynaqlarında göstərilir ki, 735-737-ci illərdə Çin sarayına göytürklər tərəfindən еlçi sifəti ilə göndərilən şəхs “çavuş” adlanırmış. Elmi ədəbiyyatda “çavuş” vahidi də “Kitabi-Dədə Qorqud” dastanlarında mövcud olmuş titullar siyahısına daxil edilmiş, qeyd edilmişdir ki, çavuş da onbaşı, yüzbaşı, minbaşı və s. kimi vəzifə funksiyalı tituldur. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində tituldan formalaşmış kifayət qədər antroponim mövcuddur. Çavuş da bu qəbildən olan kişi adları sırasındadır. Çavuş əslində kiçik funksiyalı titullardan olmuşdur. Bir sıra lüğətlərdə nəzarətçi, qapıçı, gözətçi və s. kimi mənalar ifadə etməsi barədə məlumatlara rast gəlinir. Tədqiqatlarda türk dillərində olan “çav” feilindən düzəlməsi barədə məlumatlar da mövcuddur. Çavuş kişi adı bölük başçısı, bölüyə rəhbərlik edən anlamlarındadır. Çavuş bu gün dilimizdə arxaikləşmiş şəxs adları sırasındadır. Lakin qərb dialektində çoyuç formasında yaşamaqdadır. Bəzi lüğətlərdə heç bir şərh verilmədən fars mənşəli olması barədə fikirlərə rast gəlinir. Aərbaycanda yeni dövlət quruculuğu ilə əlaqədar çavuş zabitdən aşağı, kiçik komandir funksiyalı hərbi ad kimi yenidən bərpa olunmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti