ceyhun sözü dilimizdə coşan, coşqun, güclü, igid mənasındadır. Ceyhun kişi adı Asiya qitəsinin ən böyük çaylarından olan Amu-Dərya çayının qədim adındandır. Erkən dövrlərdə çayın kənarında Ceyhan şəhəri mövcud olmuşdur. Çayın adı da bu şəhərin adı ilə əlaqədardır. Türk dillərində mənası coşqun, aşıb-daşan, coşan deməkdir. Hindistanın şimalındakı Pamir dağından axan bir sıra çayların qovuşmasından yaranmış çay Aral dənizinə tökülür. Çaya sonradan Buxara və Mərv şəhərləri arasından öz məcrasını aldığı yerdə mövcud Amu səhrasının adı ilə əlaqədar Amu-Dərya adı verilmişdir.
XX əsrdə məişətimizdə geniş yayılmış Ceyhun kişi adı XXI əsrdə müşahidəediləcək dərəcədə azalmış şəxs adları sırasındadır. Ceyhun kişi adı igid, güclü insan anlamındadır. Adın daşıyıcılarından XX əsrdə yaşamış publisist, ədəbiyyatşünas, ictimai xadim Ceyhun Hacıbəyli (1891-1962) Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. ADR dövründə Bakıda rusdilli “Azərbaycan” qəzetinə redaktorluq etmişdir. Azərbaycanda kommunist rejimi qurulduqdan sonra C.Hacıbəyli Parisdə qalır. Fransız oxucularını Azərbaycan musiqisi, incəsənəti və ədəbiyyatı ilə tanış edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti