Reklam
Reklam

Məsəllər, deyimlər

DİRİLİK SUYU

►Həyat mənbəyi, insana enerji, gümrahlıq və güc verən faydalı şeylər haqqında işlədilən ifadə.

İfadə dini təsəvvürlərdən və daha çox Xızır peyğəmbərlə bağlı rəvayətlərdən yaranıb yayılmışdır.

Qədim zamanlarda bulaq suyunu və digər axar suları dirilik çeşməsi adlandırırdılar. Bu sular həmişə təmiz və təravətli olurdu. Dini rəvayətlərə görә, zülmәtdә də bir dirilik bulağı (çeşmәsi) vardır ki, onun suyundan içənlәr әbәdi hәyat qazanırlar. Guya Xızır peyğəmbər bu çeşmәni tapmış, özü vә atı onun suyundan içmiş, bu suda yuyunmuşlar. Ona görә dә hәmişә sağdır, diridir. Rəvayət olunur ki, İsgәndәr Zülqәrneyn dә bu dirilik suyunu çox axtarmış, lakin tapa bilməyib geri dönmüşdü.

«Dirilik suyu» anlayışının yaranması vә bütün Şәrqdә yayılması ehtimalını irəli sürən tədqiqatçılar şumerlərin әsatirlәrinə, xüsusən «İnannanın yeraltı dünyaya getmәsi» әfsanәsinә istinad edirlər. Həmin əfsanəyə görə, göylәr hökmdarı İnanna yeraltı dünyaya da hakim olub ölülәri diriltmәk üçün o dünyaya getmәyi qərara alır. Lakin o, yeraltı dünyada öldürülüb divardakı mıxdan asılır. Üç gün gözlәdikdәn sonra İnannanın vәziri kömәk üçün müdriklik ilahı Enkiyə müraciət edir. Enki iki cansız varlıq yaradır, onlara «hәyat yemәyi» vә «dirilik suyu» verәrәk canlandırır. Sonra onları yeraltı dünyaya göndәrir. Onlar İnannanın mıxdan asılmış cәsәdini tapır, dirilik suyu çilәyib onu dirildirlәr.

Məsəllər, deyimlər