Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLƏSGƏR ərəb.

mürəkkəb adların tərkibində işlənən Əli Əsgar adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Əliəsgər adı bu gün Ələsgər formasındadır. Ələsgər (bax: ad – ƏLİ; ƏSGƏR) kişi adı birbaşa Həzrət Əlinin adı ilə bağlı olub, məqsədi uğrunda borcunu verən Əli mənasındadır. Bu gün əminliklə demək olar ki, məişətimizdə adın daşıyıcıları arasında gənc nəslin nümayəndələri azdır, lakin orta və yaşlı nəslin nümayəndələri arasında Ələsgər adının daşıyıcıları kifayət qədərdir. Ələsgərov, Ələsgərli, Ələsgərzadə Azərbaycanda geniş yayılmış soyadlar sırasındadır. Zaqatala bölgəsində Ələsgər şəxs adı ilə bağlı Ələsgər kəndi mövcuddur. Adın daşıyıcıları arasında nadir fitri istedada malik olan Aşıq Ələsgər (1821-1926) aşıq ədəbiyyatını çox yüksək mərhələyə qaldırmış, onun ideya-estetik imkanlarını o vaxtadək görünməmiş miqyasda genişləndirmiş, ədəbiyyatımızın və sənətimizin tarixinə xalq həyatının tərənnümçüsü, gözəllik nəğməkarı, böyük humanist idealları vəsf edən, vətəndaş cəsarətli şair kimi daxil olmuş, öz şərəfli adı ilə bağlı böyük bir aşıq sənəti məktəbinin əsasını qoymuşdur. Xalq arasında aşıq şeirinə, aşıq yaradıcılığına, Aşıq Ələsgərə olan məhəbbət nəticəsində iki əsrə yaxındır ki, məişətimizdə geniş yayılmışdır desək, fikrimizcə, səhv etmərik.

Azərbaycan şəxs adlarının izahlı lüğəti