Reklam
Reklam

Məsəllər, deyimlər

ƏLİ AŞINDAN DA OLDU, VƏLİ AŞINDAN DA

►Artıqtamahlığın baş yardığını, bir əldə iki qarpız tutmağın mümkün olmadığını və acgözlüyün pis nəticə verdiyini istehza ilə bildirən ifadə.

İfadə el arasında tamahkarlıqla bağlı yayılmış əhvalatdan qaynaqlanır.

Həmin rəvayətə görə, bir acgöz molla iki yerdə: həm özü yaşadığı kənddə Vəli adlı bir nəfərin qonaqlıq etdiyini, həm də qonşu kənddə ehsan aşı, yəni Əli aşı verildiyini eşidir. Tamah ona güc gəlir: hər iki məclisdə yemək istəyir. Əvvəl kənddə qalıb Vəlinin qonaqlığında iştirak etmək fikrinə düşür, lakin uzun götür-qoydan sonra axşama qədər gedib o biri kənddə ehsan aşından yeyib sonra bura qayıtmaq qərarına gəlir.

Yubanmadan yola düzələn molla qonşu kəndə çatanda iş-işdən keçmiş olur, görür ki, ehsan qurtarıb və adamlar da dağılışır. Kor-peşman geriyə dönür, amma bu dəfə çox sürətlə addımlayır ki, öz kəndində Vəlinin qonaqlığına çata bilsin. Amma alınmır: molla buradakı qonaqlığa da gecikir. Beləliklə, acgöz molla həm Əli aşından, həm də Vəli aşından olur.

Məsəllər, deyimlər